Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq.
Mərkəzdən verilən xəbərə görə, Bakıda ilk dəfə keçiriləcək “Minnətdarlıq” (“Gratitude”) adlı sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdiriləcək. Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola biləcəklər.
Müəllif hesab edir ki, minnətdarlıq hissi daim ətrafa aşılanmalı və təşviq edilməlidir. Vəziyyətdən asılı olmayaraq, hər zaman minnətdar olmaq üçün səbəb tapmaq mümkündür. Nina Pandolfo onda ən güclü minnətdarlıq hissinin məhz yaradıcılıq zamanı yarandığını söyləyir.
Sərgiyə çıxarılacaq əsərlərdəki qadın obrazları fərqli mədəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediliblər. Bununla da müəllif bizi əhatə edən multikultural dünyanın seyr edilməsinin və buna minnətdarlıqla yanaşılmasının vacibliyini vurğulayır.
Nina Pandolfo 1977-ci ildə Braziliyada anadan olub. Karlos de Kampos adına Dövlət Texniki Məktəbdə vizual kommunikasiya üzrə təhsil alan Nina Pandolfo incəsənətin yeni üsulu ilə San-Paulu küçələrini bəzəməyə başlayır, qısa zamanda 90-cı illərin Braziliya qraffiti səhnəsinin ayrılmaz nümayəndəsinə çevrilir, qraffiti sənətinin muzey və qalereyalara yol tapmasında əvəzsiz rol oynayır.
Pandolfo təkcə Braziliyada yox, dünyanın bir çox yerlərində, o cümlədən Avropanın bir sıra ölkələrinin və Amerika Birləşmiş Ştatlarının müxtəlif sənət qalereyalarında keçirilən sərgilərdə iştirak edib.
2007-ci ildə Pandolfo Şotlandiyanın 800 il yaşı olan tarixi Kelburn qəsrinin fasad və qülləsini boyamaq üçün Braziliyanın tanınmış küçə rəssamları ilə əməkdaşlıq edir. Bu təşəbbüs o qədər uğurlu olur ki, layihə 2011-ci ilin “Top-10 küçə sənəti nümunələri” siyahısına daxil edilir.
Heydər Əliyev Mərkəzində təşkil ediləcək “Minnətdarlıq” sərgisi 2022-ci il iyunun 19-dək davam edəcək.