Türkiyədə koronavirus epidemiyası çərçivəsində "Biz bizə yetərik, Türkiyəm" şüarı ilə Milli Həmrəylik Kampaniyası başladılıb.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən başladılan "Biz bizə yetərik, Türkiyəm" yardım kampaniyasına böyük dəstək gəlib. Kampaniyaya siyasətçilər, iş adamları və bir çox ictimai xadim qatılıb.
Kampaniya çərçivəsində 5 aylıq maaşını fonda ianə edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, "Çətin günlərdən keçirik. Birlik və həmrəylik içində, bir-birimizə sahib çıxaraq bu çətin günləri geridə qoyacağıq, inşallah. Biz birlikdə Türkiyəyik, birlikdə güclüyük. Epidemiyaya qarşı mübarizəmizdən də birlikdə qalib çıxacağıq", - deyə əlavə edib.
Kampaniyaya dəstək verənlər arasında MHP sədri Dövlət Baxçalı da var. Şəntop kimi 5 aylıq maaşını ianə edən Baxçalı kampaniyaya dəstək verməyə çağırıb.
"Mən bu ağır günləri həmrəylik hisslərini təşviq etməklə və yardımlaşma hissini hərəkətə keçirməklə dəf edəcəyimizə ürəkdən inanıram. Bir-birimizə yardım əli uzatsaq, çətin vəziyyətdə olanlara dəstək versək həm insani, həm də islami məsuliyyətlərimizi yerinə yetirmiş olarıq",- deyə Baxçalı əlavə edib.
Kampaniyaya hakim Ədalət ve İnkişaf Partiyasından da (AKP) büyük dəstək var.
AKP sədrinin vəkili Numan Kurtulmuş ve partiya sədrinin müavinləri Mahir Ünal ilə Həmzə Dağ 3 aylıq maaşlarını, digər müavin Mehmet Özhaseki isə 5 aylıq maaşını kampaniyaya ianə edib. Həmçinin çox sayda AKP millət vəkili və rayon təşkilatlarının sədrləri də kampaniyaya dəstək veriblər.
Kampaniyaya, eyni zamanda iş adamları ve elm adamlarından da böyük dəstək gəlib.