“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (DTMQİ) İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib.
Qurumdan bildirilib ki, Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclası keçirilib.
Yekun sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də Qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.
Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır. Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilmişdir.
Sözsüz ki, bu əhəmiyyətli hadisə ölkə rəhbərliyi tərəfindən milli mədəni irsimizin qorunması və təbliği sahəsində daimi görülən işlərin daha bir bariz nümunəsidir.
Qeyd edək ki, İSESCO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib.