Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində iyulun 25-dən start götürən “Jara-2019” Beynəlxalq Musiqi Festivalına yekun vurulub.
Festivalın sonuncu gecəsində dünyaca məşhur estrada ulduzlarının ifaları ilə müşayiət olunan xoreoqrafik səhnəciklər, fərqli dekorasiyalar, işıq və lazer şousu təqdim edilib.
Musiqili gecədə məşhur estrada ulduzları və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro bir-birindən maraqlı mahnılarla çıxış ediblər.
Festival estrada ulduzlarının səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıq ilə yekunlaşıb.
“Jara 2019” Beynəlxalq Musiqi Festivalında dörd gün ərzində əsl bayram ab-havası yaşanıb. İki yüzdən çox məşhur estrada ulduzunun iştirak etdiyi budəfəki festival həm də yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalıb.
Artıq dördüncü ildir keçirilən festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.