Çin Xalq Respublikasının paytaxtında keçirilən "Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib.
Sərginin iştirakçıları olan ölkələrin təmsilçilərinin, diplomatların, Pekin ictimaiyyətinin nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı belə bir beynəlxalq tədbirin Çində təşkil edilməsinin və Azərbaycanın Çin ilə əlaqələrə verdiyi önəmin göstəricisi kimi, bu sərgidə öz milli pavilyonu ilə iştirak etməsinin çox əlamətdar olduğunu deyib. O, hazırda Azərbaycanda təbiətin və ətraf mühitin mühafizəsi, yaşıllıqların, qoruqların və meşə massivlərinin salınması, flora və faunanın qorunması istiqamətində geniş fəaliyyətin həyata keçirildiyini, bu işlərin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi də ətraf mühitin mühafizəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirir.
"Pekin Ekspo 2019" Botanika Sərgisi baş komissarının müavini Can İnçao Çinin Avrasiyanın mərkəzində, mühüm nəqliyyat və ticarət yollarının üzərində yerləşən Azərbaycan ilə hələ tarixi İpək Yolu dövründən dostluq münasibətlərinin yarandığını bildirib. O, sərginin dünya ictimaiyyətinin diqqətini ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına yönəltmək məqsədi daşıdığını vurğulayaraq, Azərbaycanın da bu sərgidə iştirakının ölkəmizin bu sahədə qazandığı uğurların nümayişi ilə yanaşı, xalqımızın zəngin mədəni irisinin tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
Bir aydır davam edən sərginin ən maraqlı pavilyonlarından birinin məhz Azərbaycana aid olduğunu qeyd edən Can İnçao Azərbaycanın bu sərgidə iştirakının ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə də töhfələr verdiyini vurğulayıb.
Sonra Azərbaycandan dəvət olunan incəsənət ustalarının çıxışları olub. Milli musiqimiz, muğamlarımız, xalq mahnıları, rəqslərimiz, eləcə də Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi Çin xalq musiqisi Azərbaycan milli gününə toplaşanların marağına və alqışlarına səbəb olub.
Qeyd edək ki, "Təbiəti qoruyaq, daha yaxşı yaşayaq" mövzusunda keçirilən botanika sərgisində Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanıb. "Azərbaycan: təbiət və incəsənətin harmoniyası" adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim edilir.
"Təbiəti qoruyaq, daha yaxşı yaşayaq" mövzusunda keçirilən "Pekin Ekspo 2019" sərgisi 503 hektar ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgini 16 milyon nəfərin ziyarət edəcəyi gözlənilir.