Oktyabrın 10-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.
Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb.
Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərov, “Təmiz Şəhər” ASC-nin sədri Etibar Abbasov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimləri sərgi ilə tanış olublar.
Məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 9 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunur. Ümumilikdə, 5 il ərzində “Tullantıdan sənətə” sərgisində 36 ölkədən 140-dək sənət adamı iştirak edib.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “canlanıb”.
Açılış mərasimində, həmçinin sərginin 6 illiyi münasibətilə videokadrlar nümayiş etdirilib. Bu gün Bakı şəhərində tullantılardan təkrar istehsal üçün xammal kimi istifadə olunur. Həmçinin tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə edilir. “Tullantıdan sənətə” sərgisi isə tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.
Xatırladaq ki, “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC-nin Qala qəsəbəsində həyata keçirdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunur. Layihə əsasında qəsəbədə tullantıların idarə olunması müasir standartlara cavab verən üsulla aparılır. 2015-ci ildən etibarən Qala qəsəbəsində “Tullantıların sənətə” muzeyi də fəaliyyət göstərir. Ziyarətçilər burada tullantılardan yaranan müxtəlif əsərlərlə tanış ola bilərlər.
VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi oktyabrın 15-dək davam edəcək.