Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib

15076604693389326229_1000x669

Oktyabrın 10-da Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib.

Simpoziuma Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yeni Zelandiya, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya və Çindən 20 heykəltəraş qatılıb.

İştirakçılar simpozium zamanı Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradıblar.

Əsərlərin təqdimatı mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Simpoziumun iştirakçısı olan heykəltəraşlar təəssüratlarını müxbirimizlə bölüşüblər.

Britaniyalı heykəltəraş Əli Cabbar deyib ki, bu simpoziumda iştirakdan çox məmnundur. “İkinci dəfədir ki, Azərbaycandayam. Burada olduğum müddətdə Bakının gəzməli-görməli yerlərini ziyarət etdim. Simpoziumda müxtəlif ölkələrdən heykəltəraşlarla bir araya gələrək sənət əsərləri yaratmağa çalışdıq. Öz əsərimi ziyarətçilərə təqdim etdiyim üçün çox sevinirəm. Azərbaycanda çox peşəkar heykəltəraşlar var. Biz onlarla səmərəli təcrübə mübadiləsi aparırıq. Bizə yaradılan bu fürsətə görə Heydər Əliyev Fonduna və digər təşkilatçılara təşəkkürümü bildirirəm”, - deyə Əli Cabbar bildirib.

Dünyanın əksər ölkələrində belə möhtəşəm simpoziumlarda iştirak etdiyini deyən türkiyəli heykəltəraş Nəsrin Karacan qeyd edib ki, bu, onun Bakıya ilk səfəridir. O deyib: “Azərbaycanda hər şeydən əvvəl yaradıcı mühitin şahidi oldum. Burada bizim üçün yaradılan şərait çox gözəldir. Mənim simpozium üçün hazırladığım “Ev” adlı işim bir növ Azərbaycanın bizim də evimiz olduğunu izah etməkdir. Biz heykəltəraşlar hər ölkədə fərqli-fərqli əsərlərimizlə çıxış edirik. Burada belə bir əsər yaratmağım mənim üçün olduqca xoşdur. Bizə yaradılan şəraitə görə Heydər Əliyev Fondunun rəhbərliyinə və əməkdaşlarına, eyni zamanda, bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk”.

Azərbaycanlı heykəltəraş Süleyman Rüstəmov deyib: “Simpoziumda bir çox xarici ölkələrin heykəltəraşlarının əsərləri ilə yanaşı, bizim də sənət əsərlərimiz yer alıb. Mənim əsərimin adı “Səmavi balıq”dır. Əsərimin formatında bir balığın zamanlararası gəzintisindən danışılır. Belə bir simpoziumun ölkəmizdə keçirilməsini yüksək qiymətləndirirəm. Burada eyni sənətin nümayəndələri bir aradadırlar. Onlar qarşılıqlı əməkdaşlıq və sənət mübadiləsi üçün əlverişli zəmin yaradırlar. Bu, eyni zamanda, azərbaycanlı heykəltəraşlara dəstək deməkdir. Əlbəttə ki, belə simpoziumlar ölkəmizdə hələ çox keçiriləcək”.

Tədbirdə Azərbaycanın Beynəlxalq Heykəltəraşlar Simpoziumu Alyansına üzv olduğu qeyd edildi.

Xatırladaq ki, “Daşın nəğməsi” Beynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.

2017-10-11 / 09:14
Facebook