Çinin paytaxtı Pekində 7-ci Beynəlxalq Biennalesi işə başlayıb.
“İpək yolu və dünya sivilizasiyası” devizi altında keçirilən builki incəsənət festivalında 102 ölkədən ümumilikdə 601 əsər nümayiş olunur. Bura rəsm və heykəltəraşlıq əsərləri, fotoşəkillər, müasir incəsənət nümunələri, videolar daxildir.
Sərgidə ölkəmizi xalçaçı-rəssam Adil Şıxəliyev və heykəltəraş Samir Səmədov təmsil edirlər. Adil Şıxəliyevin yun-ipəkdən işlədiyi xalça “İpək yolu”, heykəltəraş Samir Səmədovun metal və polyesterdən istifadə edərək ərsəyə gətirdiyi əsər isə “Günəşin izi ilə” adlanır. Hər iki əsər biennale ziyarətçilərinin böyük marağına səbəb olub.
Çin Milli İncəsənət Muzeyində keçirilən sərginin açılış mərasiminə 500-dən çox qonaq, o cümlədən müxtəlif ölkələrdən təxminən 200 incəsənət xadimi, diplomatik korpusun təmsilçiləri qatılıb. Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı açılış mərasimində iştirak edib, sərgidə nümayiş olunan Azərbaycan əsərləri ilə tanış olub.
Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin Bələdiyyəsinin birgə təşkil etdiyi sərgi oktyabrın 15-dək davam edəcək. Biennale çərçivəsində simpoziumlar, ustad dərsləri, müəlliflərlə görüşlər təşkil ediləcək.