Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Türkiyənin “Botaş” şirkəti ilə birgə müəssisə yaradacaq.
Şirkət “Botaş”ın birgə müəssisənin yaradılması təklifinə razılıq verib.
Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) quru hissəsinin tikintisi üçün “Botaş” ilə birgə müəssisənin yaradılması şirkətin idarə heyəti tərəfindən təsdiqlənib. Həmçinin “Gazprom” idarə heyəti “TürkAkım Gaz Taşıma Anonim Şirketi”nə məxsus 50 səhmin hər birinin 1000 türk lirəsinə satın alınmasını təsdiqləyib.
Qeyd edək ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.