Şabran şəhərində yerləşən Xaqani poeziya evində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti şura iclası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbirdə idarənin rəisi Nazim Ağayev çıxış edərək kino mövsümü ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, respublikanın bütün regionlarında olduğu kimi Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da həftədə üç gün olmaqla Azərbaycanda istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcək.
Həmçinin şura iclasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyətini müzakirə edib. Sonra Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qusar rayon Tarix Diyarşünaslıq Muzeyinin 2017-ci ilin birinci yarım ilində gördüyü işlər barədə müəssisə rəhbərlərinin hesabatı dinlənlənilib.