Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib

15057265666534323546_1000x669

Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Üzeyir bəyin adı ilə bağlı olan əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini təbrik edib, onlara yaradıcılıqlarında yeni uğurlar arzulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu bayram Azərbaycan musiqi ictimaiyyətinə böyük töhfədir. Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və o, heç zaman unudulmayacaq. O, həmçinin bu gün Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkarımız Müslüm Maqomayevin də ad gününün olduğunu qeyd edib.

Nazir Üzeyir Hacıbəylinin adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını diqqətə çatdırıb: “Bu gündən start götürən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışıblar. Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar. Bildiriblər ki, bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər.

Natiqlər bu musiqi bayramının tezliklə dahi bəstəkarın doğulduğu Şuşada keçiriləcəyinə inamlarını ifadə ediblər.

Milli Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

2017-09-18 / 13:45
Facebook