Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar Artist Kəmalə Hüseynovanın Başqırdıstanın M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində təqdim etdiyi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşası maraqla qarşılanıb.
Psixoloji dram olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Tamaşa başqasına aşiq olan və çox da gənc olmayan ərli qadının daxili mübarizəsindən bəhs edir. Qadın hisslərinə görə əzab çəkməsinə baxmayaraq özü ilə bacarmır. Aktrisa Kəmalə Hüseynova qəhrəmanının ağrı - əzablarını tamaşaçıya məharətlə çatdıra bilir. Əri, uşaqları, evi, ailə qayğıları – hər şey onun üçün əhəmiyyətsizdir və qadının həyatı öz–özü ilə mübarizə aparmaqla keçir. O, yalnız ümid və xəyallarla yaşayır. Ancaq başa düşmür, görmür ki, onu yaxın gələcəkdə ölüm gözləyir.
Qeyd edək ki, sentyabrın 14-də festivalın təntənəli bağlanış mərasimi keçiriləcək.