Uşaqların sevimli sənət məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni – 86-cı teatr mövsümünə hazırdır. Uğurlu premyeralar, festivallardan mükafatlarla mövsümü başa vuran teatrın yaradıcı heyəti tamaşaçılarla yeni görüşə də eyni şövq və yeniliklərlə gəlir.
Teatrın mətbuat xidmətindən bildirilib ki, kollektiv yeni mövsümə sentyabrın 16-da dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” tamaşası ilə başlayacaq. İki seansda (saat 12.00, 14.00) nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Elə həmin gün rus bölməsi üzrə uşaqların böyük maraqla izlədiyi “Qoğal” tamaşası da nümayiş olunacaq.
Mövsümün ilk premyerasına gəlincə, bu ayın sonunda rus xalq nağılı “Durna balığının əmri ilə” əsasında hazırlanan “Durna balığı” tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Yaradıcılıq planları bununla məhdudlaşmayan teatrda ilin sonunadək daha iki tamaşa hazırlanacaq. Bunlardan biri artıq teatrın klassikasına çevrilmiş “Cırtdan” tamaşasıdır. Bu dəfə ona yeni səhnə həyatını teatrın baş rejissoru Qurban Məsimov verəcək.
Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarov olan tamaşa bu dəfə daha müasir forma və məzmunda təqdim olunacaq. Rejissor və quruluşçu rəssam müasir uşaqların dünyagörüşü və tələblərini nəzərə alaraq səhnə işində yeni kukla texnikaları və daha fərqli dekorasiyadan istifadə edəcəklər.
İlin sonunadək A.Puşkinin məşhur “Balıqçı və balıq” nağılı əsasında “Qızıl balıq” adlı tamaşa da hazırlanacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verəcək.
Teatrın yaradıcılıq planına Azərbaycan xalq nağılı “Məlikməmməd”, “Min bir gecə” nağıllarından “Əlibaba və qırx quldur”, eləcə də Ceyms Metyu Barrinin pyesi əsasında məşhur “Piter Pen” tamaşaları daxil edilib. Bu sırada müasir Azərbaycan uşaq yazıçılarından birinin də əsəri də yer alacaq. Hazırda nəzərdə tutulan bir neçə müəllifin əsəri bədii şuranın müzakirəsindədir.