Qazaxıstan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə saziş çərçivəsində götürdüyü öhdəliyi avqust ayında tam yerinə yetirib.
Bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. Nazir bildirib ki, ölkəsinin gündəlik neft hasilatı avqustda 1,643 milyon barrel olub.
Qazaxıstan saziş üzrə gündəlik neft hasilatını 1,68 milyon barrelə endirməyi öhdəlik götürüb.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.