Meksika və Azərbaycan arasında mədəni əlaqələri möhkəmləndirmək məqsədilə Meksikanın ölkəmizdəki səfirliyi Heydər Əliyev Mərkəzi ilə birgə heykəltəraş Xorxe Marin ilə əməkdaşlıq əsasında “Varlığın canlanması” adlı fotomüsabiqə elan edib.
Səfirlikdən bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər öz işlərini sentyabrın 7-dək [email protected] elektron ünvanına göndərməlidirlər. Müsabiqəyə təqdim olunan işlər arasından 10 ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin “facebook” səhifəsində yerləşdiriləcək. Həmin tarixdən etibarən sentyabrın 14-dək iştirakçıların ən çox “layk” toplamaq imkanı olacaq. Sonda üç ən çox bəyənilən foto mükafatlanacaq və qaliblərin adı sentyabrın 15-də Meksikanın Milli Günü mərasimi zamanı elan ediləcək.
Qeyd edək ki, ötən ilin oktyabrında Heydər Əliyev Mərkəzində heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi keçirilib.