Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti gənc diplomatların təlim proqramında çıxış edib

14997573371007253820_1000x669

İyulun 11-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkek şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Gənc diplomatların dördüncü təlim proqramı”nda mühazirə ilə çıxış edib.

Fonddan bildirilib ki, mühazirə türk dünyasına xas ortaq mədəni irsi, türkdilli xalqların ümumi ənənə və dəyərləri, türk dünyasının dahi şəxsiyyətləri, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin UNESCO-nun Dünya İrsi Siyahısına və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş nümunələri haqqında ətraflı məlumatı əhatə edib. Çıxış zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, onun ümumtürk mədəniyyətinin qorunması və təbliğinə yönəlmiş layihə və tədbirləri barədə məlumat verib.

G.Əfəndiyeva türk dünyasının dağıdılmış və mənimsənilmiş mədəni irs nümunələrinin mühafizəsinin və dünyaya tanıdılmasının rəhbərlik etdiyi fondun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb, Ermənistanın ölkəmizə qarşı təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonunun işğalı nəticəsində Azərbaycanın bir çox abidələrinin, mədəniyyət və incəsənət nümunələrinin məhv edilməsini bütövlükdə türk dünyasına zərbə kimi qiymətləndirib. “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabının Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə hazırlandığını diqqətə çatdırıb.

G.Əfəndiyeva iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində Sahibə Allahverdiyevanın və 2 yaşlı nəvəsi Zəhranın həlak olması ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən bəyanat verildiyini qeyd edib, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyərək bütün beynəlxalq təşkilatları günahsız insanların, hətta azyaşlı uşaqların həlak olmasına layiqli qiymət verməyə, bu kimi hallarla mübarizə aparmağa və onların qarşısının alınması istiqamətində səylərini birləşdirməyə səslədiyini bildirib.

Mühazirə gənc diplomatlar tərəfindən böyük maraqla qarşılanıb.

TDƏŞ-ə üzv 4 ölkədən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən, eləcə də Macarıstandan olan gənc diplomatların iştirak etdiyi təlim proqramı iyulun 16-dək davam edəcək.

2017-07-11 / 12:36
Facebook