Hacıbaba Bağırovun anadan olmasından 85 il ötür
Əsl aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər.
Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, anadan olmasının 85 illiyini qeyd etdiyimiz Azərbaycanın Xalq Artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, zəhmətinin qüdrəti ilə fəth edib.
Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.
Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.
Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.
Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.
Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.
Aktyor səhnə fəaliyyəti ilə yanaşı, H.Bağırov Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.
Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.
Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.
Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsirlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.