Rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının növbədənkənar seçkilər nəticəsində parlament çoxluğunu itirməsinə baxmayaraq, Böyük Britaniyanın Baş naziri Tereza Mey istefa barədə düşünmür.
Bu barədə BBC və Sky News telekanalları öz mənbələrinə istinadla məlumat yayıblar.
“Baş nazir istefa vermək niyyətində deyil. O, mühafizəkarların parlamentdə yer nöqteyi-nəzərindən ən böyük partiya olaraq qaldığına əsaslanaraq, hökuməti formalaşdırmaq üzərində işləyir”, - BBC-nin icmalçısı Lora Künsberq Twitterdə belə yazır.
Bakı vaxtı ilə saat 12:30-a olan məlumata görə, Baş nazir Tereza Meyin partiyası 317, əsas müxalifət partiyası leyboristlər isə 261 deputat mandatı əldə ediblər. Beləliklə, seçkilərdə iştirak edən partiyaların heç bir hökuməti müstəqil surətdə formalaşdırmaq üçün lazımi parlament çoxluğuna yiyələnə bilməyib.
Bu arada leyboristlərin lideri Ceremi Korbin partiyasının seçkisonrası taktikasından danışarkən, onların siyasi maraqları nəzərə alınmazsa, heç bir güzəştə getməyəcəklərini bildirib.
Səsvermənin yekun nəticələri açıqlandıqdan sonra, təxminən yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) Mey xalqa müraciətlə çıxış etməlidir. Mühafizəkarlar Partiyası rəhbərinin öz siyasi taleyi ilə bağlı nə kimi qərar qəbul etdiyi yalnız bundan sonra məlum olacaq.