Heydər Əliyev Sarayında görkəmli muğam ustası, Xalq Artisti Alim Qasımovun 60 illik yubileyinə həsr edilmiş konsert təşkil olunub.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan konsertdə muğam ustasının qızı, Əməkdar Artist Fərqanə Qasımova atasının ömür yolundan söhbət açıb, “Mənə dünyanı verdin” adlı solo konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl böyük sənətkarın həyatını və uğurlarını əks etdirən “Alim Qasımov 60” filmi nümayiş olunub.
Fərqanə Qasımova vaxtilə müqtədir sənətkarların repertuarlarını bəzəyən mahnılardan istifadə edərək, “Səninləyəm”, “Sənə qurban” və digər mükəmməl kompozisiyalar təqdim edib.
Sonda sürəkli alqışlarla səhnəyə dəvət olunan yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Qüdrətli sənətkar ifaları ilə tamaşaçıların könlünü fəth etməyi bacarıb.
Alimsevərlər sonda görkəmli sənətkarla xatirə şəkli çəkdiriblər.