Qroznıda “Rusiya - İslam dünyası” Strateji Yanaşma Qrupunun III forumunun plenar iclası açılıb.
Forumda 30 islam dövlətinin nümayəndələri iştirak edirlər.
Yerli KİV-lərin yaydığı məlumata görə, forumda fəxri qonaq kimi Çeçen Respublikasının (ÇR) başçısı Ramzan Kadırov, RF xarici işlər nazirinin müavini Mixail Boqdanov, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov, Aydın Qurbanov Xeyriyyə Fondunun prezidenti Səməd Qurbanov, Bəhreyn Krallığının İslam İşləri üzrə Ali Şurasının vitse-prezidenti, şeyx Əbdülrəhman bin Məhəmməd Rəşid Al-Xəlifə, Küveyt Əmirinin müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatın sədri Abdulla Maatuk və başqaları iştirak edirlər.
Görüşün əvvəlində M.Boqdanov Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun forum iştirakçılarına təbrik məktublarını oxuyub. Məktublarda belə görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilir, çünki Rusiya İslam dünyasının dostu və etibarlı müttəfiqidir.
Çeçen Respublikasının başçısı R.Kadırov yüksək qonaqları salamlayaraq qeyd edib ki, belə miqyaslı tədbirin iştirakçılarını Qroznıda qəbul etmək ÇR üçün böyük şərəfdir. O xatırladıb ki, görüşdə RF ilə İslam ölkələri arasında iqtisadi əməkdaşlığın perspektivləri və təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Forum işini davam etdirir.