Mayın 16-da Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonun ən mötəbər zallarından biri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrsi Mərkəində (Navy Memorial and Navy Heritage Center) Azərbaycanda çəkilmiş "Əli və Nino" filminin paytaxt premyerası keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, 300 nəfərə yaxın ABŞ administrasiyası və Konqresinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş səfirlər və yüksək rütbəli diplomatlar, düşüncə mərkəzlərinin təmsilçiləri, ictimai xadimlərin iştirak etdiyi tədbir ziyafətlə başlayıb. Sonra səfir Elin Süleymanov və David Bakradze giriş nitqi söyləmiş və qonaqları salamlayıblar.
Gürcüstan səfiri çıxışında Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərini qeyd edərək, hər iki ölkəni bir-birinə yaxın edən bağlardan danışıb. O, bu il hər iki ölkənin ABŞ-la diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü olduğunu qeyd edərək, ABŞ tərəfindən hər iki ölkənin müstəqilliq və suverenliyinə davamlı dəstəyinin vacibliyinə toxunub. Filmin mahiyyətinə toxunan D.Bakradze bu əsərin hər iki xalqın birgə tarixinin vacib dönəmini göstərdiyini qeyd edib.
Azərbaycanın ABŞ-dakı səfiri E.Süleymanov çıxışında ölkəmizlə Gürcüstan arasından dostluq və qardaşlıq əlaqələrinə toxunub. O, nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb, Azərbaycanlı və Gürcü olan iki gəncin birgə və azad yaşamaq üçün sonsuz çalışdıqlarını, ölkəmizin müstəqilliyi naminə böyük qurbanlar veridiklərini və bunun da gənc nəsillər üçün bir örnək olduğunu qeyd edib. E.Suleymanov həmçinin, bu əsərin ərsəyə gəlməsinə böyük səylər göstərmiş filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, hər iki ölkənin mədəniyyəti və tarixi barədə daha dolğun təsəvvürlər yaradan bu film iştirakçılar tərəfindən olduqca müsbət qarşılanıb.