Daşkənddəki Cahan Dilləri Universitetində Səmərqənddə yaşayan azərbaycanlı alim, görkəmli pedaqoq və tərcüməçi Seyid Rza Əlizadənin 130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib.
Tədbirdə Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, bu ali məktəblin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.
Akademik Bəxtiyar Nazarov və professor Saydi Umirov Seyid Rza Əlizadənin Türküstanda xalq maarifinin və mədəniyyətin inkişafındakı müstəsna xidmətlərindən danışıblar.
Deyilib ki, S.R.Əlizadə Türküstanda yeni tipli məktəb açan ilk maarifçilərdən olub, 1918-1920-ci illərdə özbək, tacik və Orta Asiyada yaşayan farsların əlifba kitabını, tacik dilinin qrammatikasını yazıb.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Seyid Rza Əlizadəni maarifçi, jurnalist və tərcüməçi kimi zəngin fəaliyyətindən söz açıb. S.R.Əlizadənin 1918-1922-ci illərdə Səmərqənddə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarını, Hüseyn Cavidin “Şeyx Sənan” və “Şeyda” əsərlərini tamaşaya hazırladığını, bu əsərlərə quruluş etdiyini və baş rollardan birini ifa etdiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, o İbn Sina, Nizami Gəncəvi, Füzuli və digər ədib və şairləri tərcümə edib. “Türküstanın tarixi”, “İslam tarixi”, Din qanunu” kimi kitablar yazıb.
Professor Naim Kərimov S.R.Əlizadənin iki cildlik rusca-tacikcə lüğətin tərtibatçısı olduğunu, ibtidai sinif şagirdləri üçün çoğrafiya, tarix, riyaziyyat, həndəsə, astronomiya və ərəb dilinin qrammatikası dərsliklərini hazırladığını xüsusi olaraq qeyd edib. Bildirilib ki, görkəmli pedaqoq alimin bilavasitə təşkilatçılığı ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, bir il sonra isə “Yeni həyat” adlı məktəblər fəaliyyətə başlayıb.
Özbəkistanın Xalq Artisti Nəsibə Abdullayeva Seyid Rza Əlizadəni “mədəniyyət carçısı” adlandırıb. Onun Səmərqənddə, ümumən Türküstanda mədəniyyətin inkişafındakı müstəsna xidmətlərindən söhbət açıb.
Sonra “XIX əsrin sonu, XX əsrin əvvəllərində Səmərqənddəki mədəni mühit və Seyid Rza Əlizadənin maarifçilik fəaliyyəti”, “Seyid Rza Əlizadə alim, ədib və tərcüməçi kimi”, “Seyid Rza Əlizadə - Şərq mütəfəkkiri”, “Seyid Rza Əlizadənin jurnalistlik fəaliyyəti”, “Seyid Rza Əlizadə XX əsrin başlanğıcında Özbəkistan və Azərbaycanda mədəni inqilabın əsasını qoyanlardan biri kimi”, “Seyid Rza Əlizadənin əsərlərinin toplanması tarixindən” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə bildirilib ki, Seyid Rza Əlizadə 1937-ci ildə repressiyaya məruz qalıb, 1945-ci ildə həbsxanada vəfat edib. 1986-cı ildə Fərhad Əlizadə babasının nəşini çox çətinliklə Səmərqəndə gətirərək bu qədim şəhərdəki Pəncab qəbiristanlığında dəfn etdirib.
Universitetin tələbəsi Sardor Mustafayev Seyid Rza Əlizadəyə həsr etdiyi şerini oxuyur.
Böyük maarifçinin nəvəsi Fərhad Əlizadə babasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlıq edib.
Sonda Nəsibə Abdullayeva Azərbaycan və özbək dillərində mahnılar ifa edib.