Forum nüfuzlu beynəlxalq qurumları tərəfdaş kimi cəlb edən yeganə platformadır


1493901121298624361_1000x669

Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə Forumun gündəliyi barədə məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarix boyu qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamışlar və bu gün də yaşayırlar. Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və milli dəyərlərimizdə önəmli rol oynayır. "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir.

Forumun coğrafiyasının ilbəil artdığını söyləyən nazir deyib ki, iki gün ərzində çox mühüm və maraqlı görüşlər, tədbirlər keçiriləcək və müzakirələr aparılacaq.

Vurğulanıb ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Nazir deyib ki, bu Forum ölkəmizdə həyata keçirilən ən böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxşılaşmasına təkan verəcək.

Forumun əhəmiyətini qeyd edən nazir deyib ki, ötən tədbirlərdən fərqli olaraq bu dəfə beynəlxalq təşkilatların yüksək səviyyəli toplantısı keçiriləcək, Dünya Forumunun Nazirlər görüşü və digər mühüm tədbirlər keçiriləcək.

Bildirilib ki, Foruma 120 ölkədən nümayəndə qoşulub və 50-dək beynəlxalq təşkilatın təmsilçisi qatılıb. İki gün ərzində 40-dək tədbir keçiriləcək.

Mətbuat konfransında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasseri, UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Nashif və digər beynəlxalq qurumların nümayıəndələri Forumla bağlı fikirlərini bölüşüblər.

2017-05-04 / 17:33
Facebook