“Xalçaçı günü”nə həsr olunmuş silsilə tədbirlər: “dəyirmi masa”, sərgi və ustad dərsi


1493780431606021620_1000x669

Mayın 4-5-də Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramına həsr edilmiş silsilə tədbirlər keçiriləcək.

Muzeydən bildirilib ki, bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – “dəyirmi masa”, sərgi və ustad dərsləri keçiriləcək.

Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınır, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Məhz dövlətimizin qayğısı nəticəsində 2010-cu il noyabrın 10-da Azərbaycanın xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən toxuculuğun inkişafına dair bir sıra qanun və sərəncamlar imzalanıb. Bunlara misal olaraq, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanun”u, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı Sərəncamını göstərmək olar.

Tədbirlərdə ölkəmizin 100-dən çox toxucusu, xalçaçı rəssamı və eksperti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan mütəxəssislər iştirak edəcəklər.

“Dəyirmi masa”da xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə bazarlarına və beynəlxalq bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunacaq.

Ölkəmizin bütün guşələrindən gələn iştirakçıların əl işləri – böyük zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi-yarmarka keçiriləcək.

Bildirilib ki, sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdır.

Tədbirlər çərçivəsində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri də təşkil olunacaq.

2017-05-03 / 09:28
Facebook