Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib.
Yuxarı sinif şagirdləri arasında keçirilən və üç turdan ibarət olan elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib.
Təhsil Nazirliyindən bildiriblər ki, beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza atıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medala layiq görülüblər.
Ötən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda iki bürünc medala layiq görülüblər. Ümumiyyətlə bu olimpiadada Azərbaycan məktəbliləri dörd qızıl, yeddi gümüş və 30 bürünc medal olmaqla 41 medal qazanıblar.
Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetində qəbul imtahanı vermədən ödənişsiz təhsil almaq haqqına sahib olurlar.