Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq qastrolları uğurla başa vurub


14936334765669061358_1000x669

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti üç qastrol səfərini uğurla yekunlaşdıraraq vətənə dönüb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, ayrı-ayrı xarici teatr rəhbərləri ilə imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq sənət ocağının yaradıcı heyəti Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar teatrlarında qastrol səfərində olaraq gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Hər üç teatrın səhnəsində təqdim edilən tamaşa maraqla qarşılanıb.

Səfər çərçivəsində bir tamaşa çoxuşaqlı və aztəminatlı ailələrin övladları və sağlamlığı məhdud olan uşaqlar üçün nümayiş etdirilib.

Qastrol səfərinin bağlanış mərasimində Şimali Osetiya Respublikasının Mədəniyyət Naziri Ruslan Mildzixov iştirak edərək yaradıcı kollektivimizə “Təşəkkür məktubu” təqdim edib.

Şimali Osetiyada fəaliyyət göstərən Heydər Əliyev adına “Azəri” Azərbaycan milli-mədəni təşkilatının və Azərbaycan diasporasının sədri Natiq İsmayılovun adından diasporun sədr müavini çıxış edərək Azərbaycan və Osetiya arasındakı mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib və kollektivi diplomla təltif edib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qastrol turunun üçüncü mərhələsi Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrında davam edib.

Hər üç səfər yeni əməkdaşlıq, maraqlı təkliflər və gələcək layihələrin başlanğıcı fonunda çox uğurlu olub.

2017-05-01 / 15:17
Facebook