Hanoyda “Azərbaycan-Vyetnam mədəniyyətlərinin paralelləri” mövzusunda konfrans keçirilib

1493620883138077631_1000x669


Azərbaycanda keçirilən böyük tədbirlər ölkəmizin beynəlxalq aləmdə sülhə, mədəni inkişafa, xalqlar arasında dialoqa, multikultural dəyərlərə böyük əhəmiyyət verməsinin göstəricisidir.

Bu fikirlər Vyetnamın paytaxtı Hanoyda keçirilən “Azərbaycan-Vyetnam mədəniyyətlərinin paralelləri” konfransında səslənib.

Vyetnamdakı səfirliyimizin, Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə reallalşan konfransda Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoydakı diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının müəllim və tələbələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları iştirak ediblər.

Səfirlikdən bildiriblər ki, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov konfransın Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini və bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Diplomat iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, xalqlarımız arasında dostluq münasibətlərinin tarixinin daha böyük olduğunu, 1959-cu ildə Azərbaycana səfər etmiş Vyetnamın keçmiş Prezidenti Ho Şi Minin və 1983-cü ildə Vyetnama səfər etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin münasibətlərimizin banisi olduğunu deyib.

A.İmanov xalqlar arasında dostluq münasibətlərinin ortaq dəyərlər, mədəni oxşarlıqlar, qarşılıqlı anlayış, hörmət və etimad əsasında qurulduğunu qeyd edərək, bu xüsusda Azərbaycan və Vyetnam xalqları arasında sıx bağların mövcudluğunu vurğulayıb.

Səfir Azərbaycanın xalqının uzunmüddətli müharibə zamanı və yenidənqurma dövründə dost Vyetnam xalqına daim dəstək olduğunu, azərbaycanlı mütəxəssislərin bu ölkənin inkişafına töhfə verdiklərini yada salıb, konfrans iştirakçıları arasında Azərbaycanda təhsil almış vyetnamlıların xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasına əyani şahidlik etdiklərini bildirib.

A.İmanov hazırda Azərbaycan və Vyetnamın yerləşdikləri regionlarda aparıcı dövlətlərə çevrildiklərini qeyd edərək, hər iki ölkənin sahib olduğu zəngin mədəni irsi beynəlxalq səviyyədə uğurla təbliğ etdiyini deyib.

Diplomat Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumat verib, ölkəmizdə humanitar və mədəniyyət sahəsində yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə sülhə, sabitliyə, mədəni inkişafa, xalqlar arasında dialoqa, multikultural dəyərlərə böyük əhəmiyyət verməsinin göstəricisi olduğunu deyib.

Səfir Prezident İlham Əliyevin apardığı bu uğurlu siyasətin nəticəsi olaraq, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru Dao Suan Tien konfransın Azərbaycan mədəniyyəti haqqında Vyetnam rəsmilərinin, eləcə də ictimaiyyət nümayəndələrinin daha ətraflı məlumat alması baxımından böyük önəm kəsb etdiyini söyləyib. O, Azərbaycan və Vyetnam mədəniyyətləri arasında bir çox oxşarlıqların olduğunu qeyd edərək, hər iki xalqın ailə dəyərlərinə, milli adət-ənənələrə hörmətindən, onları qoruyub saxlamasından bəhs edib. Dao Suan Tien, hər iki xalqın sülhsevər xüsusiyyətə malik olduğunu vurğulayaraq, Azərbaycanda olduğu kimi Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Vyetnam Milli Musiqi Akademiyasının rektoru Le Anh Tuan Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar barədə danışaraq, Bakıda təhsil aldığı zaman ölkəmizin zəngin musiqi mədəniyyəti, milli musiqi alətlərimizlə yaxından maraqlandığını bildirib. O, musiqinin özünəməxsus ünsiyyət vasitəsi olduğunu nəzərə alaraq, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün bu sahədə əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Beynəlxalq Frankapon İnstitutunun direktoru Nqo Tu Lap Azərbaycan və Vyetnamın müstəqillik, milli dövlətçilik naminə tarixən xarici işğalçılara qarşı mübarizə apardığını, vətənpərvərlik və mübarizliyin xalqlarımızın xarakterik xüsusiyyəti olduğunu deyib.

Hanoy Kino və Teatr Akademiyasının direktor müavini Nquyen Thi Thu Ha Azərbaycan və Vyetnamın milli geyimlərində qədim xalq yaradıcılığının bədii xüsusiyyətlərinin öz əksini tapdığını bildirib., libasların üzərində olan zərif naxışlarda, nişanələrdə, tikiliş üslubunda oxşarlıqlardan danışıb.

Tədbirdə Vyetnam Rəqs Assosiasiyasının sədr müavini Unq Duy Thinh milli rəqslər arasında paralellər aparıb. O, xüsusilə Vyetnamın şimalında məskunlaşan Tay etnik qrupunun rəqsi ilə Azərbaycanın “Yallı” rəqsi arasında oxşarlığın olduğunu qeyd edib.

Hanoy Kino və Teatr Akademiyasının professoru Le Thi Biç Hon, Azərbaycan və Vyetnam qadınların ailə və cəmiyyətdəki rolundan bəhs edərkən, onların nümunəvi həyat yoldaşı, valideyn olmaqla yanaşı, ictimai-siyasi proseslərdə də həmişə fəal olduqlarını vurğulayıb. Onların arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin yetişdiyini diqqətə çatdırıb. O, bu xüsusda Vyetnam parlamentinin sədri xanım Nquyen Thi Kim Nqanın və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər iki ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan bəhs edib.

Vyetnam Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nquyen Hoan Anh Azərbaycan musiqisinin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, aşıq və muğam musiqisi ilə yanaşı, opera, caz və estrada musiqisinin inkişaf etdiyini bildirib, Şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını diqqətinə çatdırıb.

Konfrans Vyetnam Milli Musiqi Akademiyasının instrumental ansamblının ifasında Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı ilə davam edib.

Konfrans zamanı mayın 5-6-da Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub. Bundan başqa, Azərbaycan xalçaçılıq sənəti haqqında video nümayiş etdirilib.

2017-05-01 / 11:42
Facebook