Pekində “Kitabi Dədə Qorqud”un Çin dilində nəşrinin təqdimatı olub

1493617693495330044_1000x669


Ölkəmizin Pekindəki səfirliyində Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsi, Oğuz türk dastanı – “Kitabi Dədə Qorqud”un Çin dilində nəşrinin təqdimatı olub.

Çinli alimlərin, filoloqların, tələbələrin iştirak etdikləri təqdimat mərasimində Dədə Qorqud dastanının türkdilli xalqların, o cümlədən Azərbaycan xalqının ədəbiyyatındakı rolundan, dünya səviyyəsində dastanın tədqiqi tarixindən danışılıb.

Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə bildirib ki, xalqımızın tarixi keçmişini əks etdirən bu möhtəşəm sənət abidəsində vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, Azərbaycan xalqının tarixi keçmişi, Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri əks olunub.

“Kitabi-Dədə Qorqud”un tədqiqi tarixindən söz açan diplomat, müasir dövrdə dastanın öyrənilməsinin, dünyada geniş tanıdılmasının və təbliğinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Qeyd olunub ki, sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin tapşırığına əsasən “Dədə Qorqud” bədii filmi çəkilib. Müstəqillik illərində ulu öndər Heydər Əliyevin Fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin və UNESCO-nun baş direktorunun iştirakı ilə qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınıb. Bu tarixi abidənin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak edib. 2013-cü ilin dekabrında isə Bakıda Dədə Qorqud parkında “Kitabi-Dədə Qorqud” abidəsinin açılışı olub.

Dastanı Çin dilinə tərcümə edən Pekin Xarici Dillər Universitetinin türk dili kafedrasının müdiri, professor Liu Cao deyib ki, iki hissədən ibarət olan nəşrin birinci hissəsində dastanın 12 boyunun hamısının Çin dilində tərcüməsi verilib. İkinci hissədə dastanın dilinin, onun qrammatikasının tədqiqatı əksini tapıb. Bu tədqiqat həm də professor Liu Caonun doktorluq dissertasiya işi olub.

Professor Liu Cao dastanı Çincəyə Anadolu türkcəsindən tərcümə etsə də, tərcümə prosesində bu mövzuda Azərbaycan mənbələrinə də istinad edib.

Çin Millətlər Universitetinin professorları Xu Cenxua, Can Dincin və Əbdülhakim Mehmet, Pekin Xarici Dillər Universitetinin rəsmisi Qı Dundun Dədə Qorqud dastanının Çin dilinə ilk dəfə tam olaraq tərcümə olunmasının çinli türkoloqlar üçün çox faydalı olduğunu deyiblər. Bildiriblər ki, dastanın Çin dilinə tərcümə olunması Çin ilə türkdilli ölkələr, o cümlədən Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafına töhfə verəcək.

Kitaba ön sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Türk Dil Qurumunun sədri Mustafa Kaçalin, Çin Millətlər Universitetinin professoru Can Dincin və Çinxay Millətlər Universitetinin professoru Ma Vey yazıb. Təqdimat mərasiminin sonunda “Azərbaycanfilm”in istehsalı olan “Dədə Qorqud” bədii filmi nümayiş olunub.

2017-05-01 / 10:48
Facebook