“Mənim günahım”ın növbəti səhnə həyatı maraqla qarşılanıb

14936168041664459337_1000x669


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Xalq Artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunub.

İkihissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan səhnə əsərində rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, Əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Əlvida Cəfərov, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Günel İmanova canlandırıb.

Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim edilib. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib.

 

2017-05-01 / 10:34
Facebook