AMEA Naxçıvan Bölməsində Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib

1493292702132902541_1000x669


AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilib.

Bölmənin informasiya şöbəsindən bildirilib ki, bu münasibətlə keçirilən konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2017-ci il yanvarın 12-də imzaladığı Sərəncamın şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Sərəncama əsasən ölkədə silsilə tədbirlər təşkil olunur. Böyük şairin anadan olmasının 300 illik yubileyinin UNESCO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması da təkcə Molla Pənah Vaqifə deyil, ümumilikdə Azərbaycan ədəbiyyatına verilən dəyərin bariz nümunəsidir.

Görkəmli söz ustadı Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə danışan İsmayıl Hacıyev onun türk dünyasının böyük şairi olduğunu vurğulayıb.

Bölmə sədri 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində şairin əzəmətli məqbərəsinin ucaldıldığını xatırladıb. Bildirilib ki, erməni silahlıları tərəfindən işğal edilən Şuşa şəhərində vəhşicəsinə dağıdılan, talana məruz qalan bütün tarixi memarlıq, maddi-mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi, poeziya evi güllələnib, viran olunub.

Konfrans Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş məruzələrlə davam etdirilib.

2017-04-27 / 16:33
Facebook