“Azərbaycan xalçaları” jurnalının 22-ci nömrəsi işıq üzü görüb. Jurnal bu nömrəsindən etibarən “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunur.
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Publisist İlham Tumasın Füzuli filialının fəaliyyətindən bəhs edən “Dörd xalçadan başlayan həyat” reportajı, Şəmkir rayonundakı tədris-hazırlıq kurslarından, “DOMOTEX” xalça satış-sərgisinin gündəliyi, “HALI” jurnalı ilə əməkdaşlıqdan bəhs edən yazılar, yeni toxunmuş xalçaların fotoşəkilləri təqdim edilib.
Professor Vidadi Muradovun və yazıçı-publisist Malik Məmmədovun “Qaracəmirli kəndi: tarixi və xalçaları”, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan qalalarının öyrənilməsi tariximizin mühüm mənbəyi kimi”, Ayşat Maqomedovanın (Dağıstan) “Dağıstan xalçaları”, Bəxtiyar Tuncayın “Xalça və sikkələr üzərində runik işarələr”, Səbuhi Əhmədovun “İslam mədəniyyəti muzeylərində orta əsr Azərbaycan silahları”, Hacı Abdullanın “Zəngəzur bölgəsi: qədim dövrlərdən XX əsrin əvvəllərinədək”, Şakir Albalıyevin “Azərbaycan folklorunda güləbətin motivi və onun mifik semantikası”, Gülzadə Abdulovanın “Azərbaycanın qadın geyim bəzəkləri” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.
Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradovdur. Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2017N22/ ünvanında tanış ola bilərlər.