Xəzər dənizi

               

Dünyanın ən iri qapalı su hövzəsi - Xəzər Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.

Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır.

Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17' şimal enliyi və 36°33' cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.

Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.

Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur.

Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır.

Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir - 42 növ; xulkimilər - 31, siyənəkkimilər - 17, qızıl balıqkimilər - 2, nərəkimilər - 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.

Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın "Qırmızı kitabı"na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir.

Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

Facebook