Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır.
Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 - e.ə. təqr.120), Strabon (e.ə. 64/63 - eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 - təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 - təqr. 912/913), Əbu-İshaq İstəxri (təqr. 820/934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu - XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII - VIII əsrlər) "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.
Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli EA-nın rolu böyükdür.
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.
Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.
Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir.
Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Azərbaycan Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması - düzənliklər və dağlar üstünlük təşkil edir.
Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.
Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.
Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə - Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə - Qusar maili düzənliyi.
Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.
Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri - Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.
Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.
Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri.
Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.
Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır.
Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir.
Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.
Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları - Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir.
Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.
Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.
Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.
Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır.
Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir.
Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir.
Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.
Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.
Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir.
Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbaycandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.
Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.
Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.
Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.
Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.
Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.
Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.
Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir.
Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2\3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir.
Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.
Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir.
Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.
Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.
Dünyanın ən iri qapalı su hövzəsi - Xəzər Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.
Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır.
Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17' şimal enliyi və 36°33' cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.
Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.
Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur.
Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır.