“Yaşıl dünya naminə həm¬rəylik ili” …

 

Prezident İlham Əliyev 2023-cü il 25 dekabr tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həm­rəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadları­na qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub, eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli priorite­tindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildi­yi bildirilib. Sənəddə həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlam­laşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həm­çinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiril­məsinə başlanıldığı qeyd olunur. Azərbay­canın baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını, bun­dan başqa elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəf kimi götür­düyü, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunduğu bir daha xatırla­dılır.

Azərbaycan 1995-ci ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını təsdiqləyib. Dövlətimiz 2000-ci il iyulun 18-də istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin ehtiva olunduğu Kioto Protokolunu ratifikasiya etmiş, 2016-cı il aprelin 22-də isə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimində iştirak etməklə sənədə qoşulmuşdur. Dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri müəyyənləşdirilib. Həmin 5 Mil­li Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsi qəti vəzifə olaraq müəyyən edilib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün ərazi bütövlüyümüzün bərpa olunduğu son 3 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. 2021-ci il mayın 18-də Prezident İlham Əliyev Ağdamda icti­maiyyət nümayəndələri ilə görüşündə bütün Qarabağın “yaşıl enerji” zonası olacağını bildirmişdi. Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir.

Qeyd edək ki, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymişdir. Erməni terroristlərinin fəaliyyəti ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistanın qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. İşğal dövründə Azərbaycan dəfələrlə bu problemi beynəlxalq ictimaiyyət qarşısında qaldırmış, lakin həmişəki kimi Ermənistana yetərli təzyiq olmamışdır. 44 günlük müharibə dövründə də Ermənistan 30 ilə yaxın müddətdə həyata keçirdiyi ekoloji terroru davam etdirərək Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməyə çalışmışdı. Ümumi sahəsi 8 000 hektardan çox olan, qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərdən ibarət unikal bir ekosistemi məhv etməyə çalışmaqla Ermənistan endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vurmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması idi. Ağ fosfor tipli bombalardan istifadə edən erməni terrorçuları öz mənfur niyyətlərini reallaşdırmağa çalışırdılar. Qeyd edək ki, bu tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını,kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə aparılan monitorinqinin nəticələrinə görə, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçay Araz çayına töküldüyünə görə onun da çirklənməsi su ehtiyatlarının keyfiyyətinə mənfi təsir edir. Araz çayındakı suyun keyfiyyətinin ciddi dəyişikliyi onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi istiqamətində ağır fəsadlara gətirib çıxara bilər. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib. İşgal altında olan ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi sona qədər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Azərbaycan humanistcəsinə ərazilərimizi tərk etmək üçün vaxt verdiyi müddətdə də ermənilər torpaqlarımızdan gedərkən qanunsuz məskunlaşdırıldıqları evlər ilə yanaşı meşələrimizi də yandırmışdı. Azərbaycan işğala son qoymaqla, həm də bölgədə davam edən böyük bir ekoloji fəlakətin qarşısını almış oldu. Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görülür. Bu gün dövlətin prioritetlərindən biri həmin ərazilərimizin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsidir. Ermənistan isə törətdiyi ekeloji terrora görə dünyəvi arenada cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu ekoloji terrora laqeyd qalmamalıdır. Çünki bu, təkcə Azərbaycanın təbiətinə qarşı deyil, bütün bəşəriyyətin canlı aləminə qarşı törədilən bir cinayətdir.

Azərbaycanın həyata keçirdiyi ekoloji siyasətin məntiqi nəticəsidir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) 2024-cü ildə Bakıda keçiriləcək. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, “beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamda da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqə­dar yekdil qərarın verilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin mil­li, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi beynəlxalq arenada bir ilkdir. Şübhəsiz ki, daim yeniliklərə imza atan Azərbaycan bu ildən irəli gələn vəzifə və öhdəlikləri layiqincə yerinə yetirəcək. Yaşıl dünya naminə həmrəylik ilində reallaşacaq COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaq və Azərbaycan təcrübəsi nümayiş olunacaqdır. 

                                                                                                            Nailə Tağızadə

2023-12-29 / 13:57
Facebook