Sülhün bir addımlığında …

 

7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi əsir düşən hərbçilərin azad edilməsi barədə razılıq əldə edildi. Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etdi. Xüsusi diqqətçəkən məqam tərəflər arasında danışıqların birbaşa aparılması və heç bir üçüncü ölkənin vasitəçilik etməməsidir. Prezident İlham Əliyevin dəfələrlə Ermənistan rəhbərliyinə etdiyi sülh çağırışları, ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində vasitəçisiz dialoq təklifləri reallığa çevrildi. Bu addım rəsmi Bakı ilə İrəvan arasında sülh prosesinin vasitəçilər olmadan irəli aparıla biləcəyini sübut etmiş oldu.

Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfərdən 26-sı 2020-ci il dekabrın 13-14-də Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş, digər 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslərdir. siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslərin adı bu siyahıya daxil deyil. Azərbaycana təhvil veriləcək hərbçilərimiz isə Aqşin Bəbirov və Hüseyn Axundovdur.

Bu razılaşma göstərir ki, iki ölkə beynəlxalq platformada bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti əsas götürərək, bir-birini dəstəkləyə bilər. Razılaşmada həmçinin qeyd olunur ki, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Azərbaycan Respublikası isə öz növbəsində Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Azərbaycanın və Ermənistanın müəyyən beynəlxalq diskussiya auditoriyasına ünvanlanmış müştərək müraciətinin özü də tarixdə ayrıca bir ilkdir. 

Ermənistanın baş naziri Nikol Paşinyan “X” platformasındakı səhifəsində birgə açıqlamaya istinad edərək yazıb: “Azərbaycan humanitar dəyərləri rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 32 erməni hərbçisini azad edir. Ermənistan da öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 2 Azərbaycan hərbçisini azad edir”. Dövlət başçısı isə dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişi adlandırıb.

Bu hadisə qısa müddət ərzində dünya mediasının əsas mövzusuna çevrildi, dünyanın bir sıra aparıcı KİV-i tərəfindən işıqlandırıldı, eyni zamanda aparıcı dövlətlərin müxtəlif rəsmiləri açıqlama verərək atılan addımı alqışladı.

İllərlə işğaldan əziyyət çəkən tərəf olmasına baxmayaraq Azərbaycan daim sülhün keşiyində dayanıb, danışıqlar yolu ilə razılaşmanın tərəfdarı olub. Ermənistanın illərlə davam edən təcavüzkar siyasəti nəticəsində Azərbaycan öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycan dəfələrlə bəyan edib ki, bizim heç kimin torpağında gözümüz yoxdur, eyni zamanda bir qarış torpağımızı da heç kimə verən deyilik. 10 noyabr razılaşmasından keçən 3 il ərzində də sülh üçün təşəbbüs göstərən tərəf yenə biz olmuşuq. Dövlət başçısı İlham Əliyev dekabrın 6-da ADA Universitetində baş tutan “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda belə bir çağırış etdi ki, biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik. 

Qarabağda yaşayan ermənilərin məsələsinə gəlincə Prezident İlham Əliyev  9 dekabr 2023-cü il tarixində “Euronews” televiziyasına müsahibəsində onlarla bağlı ətraflı açıqlama verdi: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə hansı ki, yeri gəlmişkən ictimai şəkildə açıqlanmışdır, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq. Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik”. Dövlət başçısı əlavə etdi ki: “Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq. Azərbaycanlılara qarşı tam əksi edilmişdir. Onlar otuz il bundan əvvəl ya qətlə yetirilmiş, ya da deportasiya olunmuş, işgəncələrə məruz qalmış, həbs edilmişdir və onların bəziləri yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub ölmüşdür. Bu sənədlərlə təsdiq edilib. Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir və hər şey humanitar standartlara əsasən edilmişdir”.

Qayıtmaq istəyən ermənilərin Azərbaycanın açdığı elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməli olduqlarını vurğulayan dövlət başçısı bildirdi: “Onların bir neçəsi artıq vətəndaşlıq üçün müraciət edib və hazırda onların müraciətlərinə baxılır. Bəzi ermənilər Qarabağda qalmağa qərar verdilər və indi bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Xidməti onların qeydinə qalır, onları qeydiyyata salır”.

Birbaşa danışıqlarla razılaşmanın əldə olunması iki ölkə arasında sülh danışıqları prosesində vasitəçilər olmadan da razılığın əldə olunmasına zəmin yaradır. Rəsmi Bakı və İrəvanın bu addımı sülhün yaradılması üçün çox böyük əhəmiyyət kəsb edir. İkitərəfli birbaşa danışıqlarla qısa müddət ərzində sülh müqaviləsi imzalanması mümkün ola bilər. Sülh müqaviləsinin imzalanması isə regionun iqtisadi inkişafına ciddi təkan verə bilər. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb.  Bu gün Ermənistanın regional təcriddən yeganə çıxış yolu sülh razılaşmasını imzalamaqdır. Artıq erməni ictimaiyyətinin nümayndələri də bu reallığı dərk edirlər. Paşinyan başda olmaqla, bir çox erməni rəsmiləri beynəlxalq səviyyədə Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını təsdiqləyirlər. Hətta illərdir şovinist ideyalarla yaşayan ermənistan cəmiyyəti "Tarix" dərsliklərində belə Qarabağı Azərbaycanın tərkibində göstərməyə məcbur olub. Ermənistan özünün əsassız iddialarından əl çəkməli, sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməli, sülhə daha çox cəhd edən tərəf olmalıdır.

                                                                                                      Nailə Tağızadə

2023-12-11 / 17:22
Facebook