Fransanın Cənubi Qafqaz regionuna yersiz müdaxiləsi …

 

Fransa müşahidəçi missiyası adı altında uzun müddətdir ki, Cənubi Qafqaza daxil olmağa çalışır. Rusiyanın Ermənistandan çıxarılması və onun Fransanın timsalında Aİ ilə əvəzlənməsi planı bu gün Paris və İrəvanın əsas hədəfləri sırasında bəlkə də ən birincidir. Rəsmi Paris Ermənistanı silahlandırmaqla Brüssel gündəliyinə zərbə vurur. Fransanın yanaşması sülhün və dövlətlərarası normal münasibətlərin qurulmasına əngəl törədən bir təşəbbüsdür. Fransa artıq obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib. Artıq  rəsmi Bakı Parisin iştirak edəcəyi hər hansı danışıqlardan imtina edib.

Son günlər sosial şəbəkələrdə Fransanın Ermənistana göndərdiyi silah-sursat əsas müzakirə mövzusuna çevrilib. Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası üçün komponentlər artıq Ermənistandadır. Parisdən yayılan bəyanatlar silahlandırma prosesinin daha da güclənəcəyi qənaətinə gəlməyə əsas verir.  Bununla da, Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesində aktiv şəkildə iştirak iddiası, özünü danışıqlar prosesinə calamaq cəhdləri tamamilə iflasa uğrayır. Ermənistanı müasir silahlarla təchiz edən Fransa bütün beynəlxalq hüquq normalarını pozaraq destruktiv mövqe ortaya qoyur. 30 ildir ki, 1 milyondan çox azərbaycanlı qaçqının öz torpaqlarına geri qayıtmaq hüququ haqqında susan Fransa özünü ermənilərin hüquq müdafiəçisi olaraq təqdim edir. Fransa ermənistanı açıq şəkildə müdafiə etməklə, hərbi potensialını möhkəmləndirməyə çalışmaqla mövcud vəziyyəti daha da qəlizləşdirir, revanşist erməni qüvvələrin faəliyyətinə rəvac verir, bölgədə sabitliyin yaranmasına əngəl törədir, irqçilik nümayiş etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destruktiv fəaliyyəti fonunda Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.

Fransa bu addımı ilə növbəti dəfə Cənubi Qafqaza müdaxilə edir. Rusiyanın buna verəcəyi reaksiya da olduqca maraqlıdır. Çünki Fransanın Ermənistana silah göndərməsi həm də Rusiyaya qarşı yönəlmiş addımdır. Rusiyanın forpostu olan bir ölkənin indi təkidlə Fransanı proseslərə daxil etməyə çalışması ikiüzlü Ermənistan siyasətinin bariz nümunəsidir. Ermənistan Rusiyanın himayəsi ilə qurulan təşkilatlarda iştirakdan birmənalı şəkildə imtina edir, birgə təlimlərə qatılmır. Gələcəkdə Rusiyaya məxsus hərbi bazanın da ölkə ərazisindən çıxarılması istiqamətində fəaliyyətə başlanılması da nəzərdə tutulub. Rusiyadan S-400 raketlərini aldığı üçün Türkiyə hələ də NATO tərəfindən təzyiqlərə məruz qalır. Lakin NATO üzvü olan Fransanın KTMT üzvü olan Ermənistanla hərbi sahədə əməkdaşlıq həyata keçirməsi üzvləri nədənsə narahat etmir. KTMT NATO-ya qarşı yaradılan bir təşkilatdır, NATO üzvü olan bir dövlətin həmin hərbi bloka düşmənçilk edən KTMT üzvünə silah satması NATO-nun maraqlarına ziddir. 

Fransa tutduğu qərəzli və separatçı mövqeyi ilə özünü daha da pis vəziyyətə salır, erməniləri boş yerə qızışdırmaqla isə bütövlükdə erməni dövlətçiliyinin iflasını hazırlayır. Ermənistan bu silahları əldə etsə də, iqtisadi cəhətdən Ermənistandan dəfələrlə güclü olan Azərbaycana qarşı müharibəyə başlamağa cürət edə bilməz. Həmçinin Şuşa Bəyannaməsində də vurğulandığı kimi, Ermənistanın Azərbaycana hücumu birbaşa Türkiyəyə hücum kimi qiymətləndiriləcək. Ermənistan bu faktı da nəzərdən qaçırmamalıdır.

Bəşəriyyət tarixində mövcud olan ən qanlı soyqırımların müəlliflərindən biri Fransadır. Fransa tarixən insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törətmişdir. Əlcəzairdə, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv edən Fransa indi hansı haqla özünü “insan haqlarının və demokratiyanın vətəni” sayır? Haqq-ədalətdən danışacaq ən sonuncu dövlət Fransadır. 

Prezident İlham Əliyev 13 noyabr 2023-cü il tarixində ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbulu zamanı da bildirib ki, hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. Dövlətimizin başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Əgər Ermənistan Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etdiyi kimi, Azərbaycana qarşı hansısa revanşist addım atacaqsa, bizə qarşı qisasçılıq müharibəsinə cəhd edəcəksə, sərt şəkildə cəzalanacaq. Azərbaycan üçün münaqişə bitib, Ermənistanla müharibə səhifəsi arxada qalıb. Azərbaycan Ermənistanla qonşuluq şəraitində yaşamağa üstünlük verən addımlar atır, amma Ermənistan bundan sonrakı seçimini özü etməlidir. Ermənistan anlamalıdır ki, Fransa Cənubi Qafqazda sülhə töhfə vermək və vasitəçi olmaq fürsətindən birmənalı olaraq məhrum edilib. Azərbaycan bu gün regionda yeni bir reallıq formalaşdırıb. Ermənistan qərəzli addımından əl çəkməli, regionun real mənzərəsini qiymətləndirib sülh üçün çalışmalıdır.

                                                                                                            Nailə Tağızadə

2023-11-21 / 21:33
Facebook