Ermənistan üçün son şans; 24 saata qazanılan qələbə …

 

44 günlük tarixi savaşımızdan 3 ilə yaxın bir müddət keçməsinə, dəfələrlə Ermənistana sülh üçün müraciət etməmizə rəğmən Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə terrorist fəaliyyətlətini davam etdirirdi. Bəzi məlumatlara görə, Qarabağda on mindən artıq silahlı terrorist mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər.  Azərbaycan işğala məruz qoyulan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağ erməniləri müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunurdu. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu. 

Sentyabrın 19-da Azərbaycanın Qa­rabağ bölgəsindəki erməni silahlı qüvvələ­ri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa av­tomobil yolunda terror məqsədilə əvvəl­cədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qul­luqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatan­lardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Or­dusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qa­rabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhər­lərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.  Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətir­məsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatları qarşısının alınması üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması Azərbaycan Respub­likasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarak­terli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nü­mayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silah­lı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıx­malı və tam şəkildə tərk-silah olunmalıdır. Razılaşmanın icrası Rusiya sülhmə­ramlı kontingenti ilə əlaqələndirilmiş şəkil­də həyata keçiriləcək. Bundan sonra bizim şərtlərimiz qəbul edildi və dəfələrlə bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Ordumuzun qələbəsi münasibətilə xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində baş tutan görüşdə Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olundu. Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil etdilər. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıdı. 

Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparıldı. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulandı.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildirdilər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılandı. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edildi.

Azərbaycan dəfələrlə bəyab edib ki Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və Azərbaycanda yaşayan digər azlıqlar kimi eyni hüquq və azadlıqlara sahibdir. Antiterror əməliyyatı zamanı qanunsuz hərbi birləşmələr və hərbi inf­rastruktur hədəf alındı. Mülki əhali və ob­yektlərə isə heç bir halda hücum edilmədi. Ermənistan silahlı qüvvələrinin bir­ləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında hərbi infrastrukturun yerləş­dirilməsini nəzərə alaraq, Azərbaycan ərazidə olan mülki əhalini hərbi obyekt­lərdən kənar durmağa çağırdı. Mobil SMS xidməti, səsgücləndirici texniki vasitələr və məlumat vərəqələri vasitəsilə Azərbay­canın Qarabağ bölgəsinin erməni sakinlə­ri müvafiq olaraq məlumatlandırıldı. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı.

Dövlət başçısı İlham Əliyev xalqa müraciətində vurğuladı ki: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

22 sentyabrda Bakıdan içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salındı. Hər zaman humanist mövqe nümayiş etdirən Azərbaycan bəyan edib ki, erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır, eyni zamanda könüllü surətdə silahı yerə qoyan hərbçilər azaddırlar. Azərbaycan sülh tərəfdarıdır və daim bu mövqeyini nümayiş etdirir. Ermənistan tərəfi bu dəfəki məğlubiyyətindən nəticə çıxarmalı, qaldırdığı ağ bayrağı unutmamalıdır. Azərbaycanla sülh Ermənistana ancaq yaxşı perspektiv və əmin-amanlıq vəd edir.

                                                                                                          Nailə Tağızadə

2023-09-22 / 21:17
Facebook