Faşizm üzərində qələbədə Azərbaycanın töhfələri ...

 

Ötən əsrdə bəşəriyyətə  sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin 77-ci  ildönümü tamam olur. İkinci Dünya müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir. 1941-ci il iyunun 22-də faşist Almaniyasının hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoşulmuşdur.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də  arxa cəbhədə böyük qəhrəmanlıq göstərmiş, xalqın bütün maddi və mənəvi potensialı səfərbərliyə alınmışdı. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər qaynar cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Baltikyanı respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmişlər. Göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri Şərəf ordeni ilə, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşmüşlər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə öz adlarını əbədi həkk etmişlər.

Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942–1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Slovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu. 1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində də Azərbaycan partizan dəstəsi var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və Baltikyanı Respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər. Azərbaycanlılardan Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5000 nəfərə qədər, Belarusiya torpaqlarında isə 1000 nəfərə qədər döyüşçü partizan dəstələrində fəal iştirak etmişlər. Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşistə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər.

Faşizm üzərində qələbə naminə əmək növbəsində duranların ön sıralarında məhz Bakı neftçiləri gedirdi. Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbaycan neftçiləri çıxarıb. Danılmaz faktdır ki,  əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Məhz bu səbəbdən də Bakını İkinci Dünya müharibəsinin taleyini həll edən şəhər adlandırırlar. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı bilən Hitler Almaniyanın birinci tank ordusuna 1942-ci il sentyabrın 25-də Bakını zəbt etmək əmrini vermişdi. Hətta Hitler “Qafqaza hücuma başlayanda biz mütləq Bakını tutmalıyıq, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”, - demişdi. Düşmən 1942-1943-cü illərdə bir neçə dəfə Bakı səmasını zəbt etməyə çalışsa da, qəhrəman təyyarəçilərimiz bu hücumların qarşısını almış, düşmənin 96 təyyarəsini məhv etmişdi. Xüsusi vurğulamaq lazımdır ki,  Bakının neft emalı müəssisələri alimləri və mühəndis-texniki işçilərin səyi nəticəsində cəbhə üçün yüksək oktanlı benzin istehsalı da uğurla həyata keçirilmişdi. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Akademik Yusif Məmmədəliyevin başçılığı altında neft-kimya elmində böyük nailiyyət hesab edilən yüksək oktanlı aviasiya yanacağının əldə edilməsi müharibədə motorlar döyüşündə də ciddi dönüşə səbəb olmuşdu.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da İkinci Dünya müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır.  "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur" deyən ümummilli lider Heydər Əliyev müharibə veteranlarını “xalqımızın qızıl fondu” adlandırırdı.   Qələbənin 60 illiyi ərəfəsində "1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında" 1 may 2005-ci il tarixli fərman veteranların daim diqqət mərkəzində olmasının əyani isbatı idi.  2015-ci ildə Moskvada  Qələbənin 70 illiyinə həsr olunan möhtəşəm bayram tədbirlərində Prezident İlham Əliyev şəxsən iştirak etmişdir. Faşizm üzərində qələbənin ildönümü hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. 2022-ci il 19 aprel tarixində Prezident İlham Əliyevin imzaladığı “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam dövlətimiz tərəfindən veteranlara göstərilən qayğının növbəti təzahürüdür. Sərəncama əsasən 1941-1945-ci illər müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar, İkinci Dünya müharibəsinin iştirakçılarına 1500 manat, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüşən cəbhələrin arxa hüdudları, döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım edildi.

Qələbəyə gedən yolda azərbaycanlıların fəaliyyətlərini, uğurlarını sadalamaqla bitməz. Faşizm üzərində bu tarixi Qələbədə Azərbaycanın töhfələri əvəzsiz olmuşdur.

Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.

Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Əsgərlərimiz, zabitlərimiz, eləcə də könüllü olaraq cəbhəyə yollanan igidlərimiz böyük qəhrəmanlıqlar göstərərək xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırdılar və dövlətçilik tariximizə 8 noyabr – Zəfər gününü bəxş etdilər. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.

                                                                                                      Nailə Tağızadə

2022-05-09 / 11:38
Facebook