Azərbaycanda yaşıl enerjiyə keçid

 

Müasir dövrdə dünyada baş verən qlobal ekoloji problemlər yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin axtarışı və tətbiqini aktual edir. Hal-hazırda enerjiyə getdikcə artan tələbatın ödənilməsi dünyanın üzləşdiyi əsas problemlərdəndir. Belə ki, bərpa olunmayan enerji mənbələrinin - neft, qaz, daş kömürünün  nə vaxtsa tükənəcəyi reallığı qaçılmazdır. Digər tərəfdən, ənənəvi enerjinin istismarı zamanı planetimizin ekoloji durumuna mənfi təsiri də getdikcə daha da qabarıq şəkildə ortaya çıxır. Belə olan halda bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi daha çox ön plana çıxır. Bu səbəbdəndir ki, bir sıra qabaqcıl dövlətlər enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini özünün prioritet vəzifəsi sayır. Külək, günəş, dalğa və kiçik çayların hidroloji enerjisi məhz belə mənbələrdən sayılır və onların potensial imkanları hədsiz və tükənməzdir. Bu xüsusda Azərbaycanda da alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. Ölkəmiz günəşli və küləkli günlərin sayına görə potensial imkanlara malikdir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Proqramın əsas məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirmək, karbohidrogen və digər enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdir. 2013-cü il fevralın 1-də yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qarşısına məhz dövlət siyasətinin həyata keçirilməsi vəzifəsi qoyulmuşdur. Son illərdə Azərbaycanda alternativ enerji mənbələrindən alınan enerjinin istehsalı dəfələrlə artıb. Energetika Nazirliyinin məlumatlarına əsasən, 2013-2019-cu illərdə külək və günəş stansiyaları tərəfindən Azərbaycanda 408 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. Belə ki, 2013-cü ildə bu stansiyalar cəmi 1,6 mln. kVt-saat elektrik enerjisi istehsal etmişdirsə, 2019-cu ildə bu göstərici 149 mln. kVt-saat təşkil edib, bu da son 7 ildə 93 dəfə artım deməkdir.

Mütəxəssislər hesablamışlar ki, 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir. Azərbaycanda bu sahədə geniş imkanlar mövcuddur. Abşeron regionunda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakı ətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.

Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə də zəngindir. Xüsusilə Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, respublikanın bəzi bölgələrində isə 2900 saata çatır. Xarici mənbələrə görə, il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVt/s, Rusiyada 800-1600 kVt/s, Azərbaycanda isə 1500-2100 kVt/s təşkil edir. Göründüyü kimi, respublikamızın günəş enerjisindən istifadə potensialı xeyli yüksəkdir. Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını şərtləndirən əsas amillərdən biridir. Eyni zamanda, günəş enerjisindən istifadə külək enerjisinə nisbətən daha böyük sərmayə tələb edir.

2020-ci il 9 yanvar tarixində Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə Azərbaycanda 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt-lıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, ildə təxminən 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələr çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq. Sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-nə bərabərdir. 

13 yanvar 2022-ci il tarixində Stansiyasının Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik təməlqoyma mərasimi keçirildi. Bu stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir. Elektrik stansiyasında ildə 1 milyard kilovat/saata elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, buda təxminən 300 min evin elektrik enerjisi ilə təmini deməkdir.

2022-ci il 15 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. Tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev bu günü ölkəmizin energetika sahəsində əlamətdar gün olaraq qeyd etdi. Qeyd edək ki, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var. Şirkətin Azərbaycana sərmayə qoyması Azərbaycanın əlverişli və açıq investisiya mühitindən xəbər verir. Prezident İlham Əliyev vurğuladı ki: ““Masdar” şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir. Əslində, Azərbaycan Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında icra müqaviləsi bir il bundan əvvəl imzalanmışdır. Bu müddət ərzində hazırlıq işləri gedirdi və bu gün biz artıq təməlqoyma mərasiminə toplaşmışıq”.

Bundan əlavə, Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması gözlənilir.

Alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu cür yerlər ucqar dağ kəndləri və dağlıq ərazilərdir. İşğaldan azad olunmuş torpaqlarımız bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Azərbaycan artıq Qarabağda yaşıl enerjidən istifadə olunacağı ilə bağlı fikrini bəyan edib və bu istiqamətdə əməkdaşlıqla bağlı yorulmaz fəaliyyət reallaşdırır. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev bildirdi ki: “Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Bildirməliyəm ki, işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərmişik. Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır”.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Belə ki, ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Qonşu ölkələrdə, ümumilikdə Avropa qitəsində isə elektrik enerjisinə böyük ehtiyac vardır. Məhz buna görədir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Heç şübhəsiz ki, ölkəmiz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcək.

                                                                                                         Nailə Tağızadə

2022-03-17 / 20:07
Facebook