Postmüharibə dövründə dövlət siyasətinin əsas prioriteti; Şəhid ailələri və qazilərə qayğı

 

No description available.

44 günlük Vətən müharibəsiylə ordumuz tarixi zəfərə imza atdı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. düşmənə “dəmir yumruq” ifadəsinin nə olduğunu, necə olduğunu anlatdı. 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyuldu. Bizə bu qüruru, fərəhi yaşadan isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz oldu. Əsgər və zabitlərimiz şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırdı, bu yolda canlarını, qanlarını belə əsirgəmədilər. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir və verməlidir. İstər şəhid ailələri, istərsə də qazilərimiz hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar. Hələ müharibənin ilk vaxtlarından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. “Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi.

“YAŞAT” Fondunun fəaliyyəti

Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan dövləti daim bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. 44 günlük şanlı zəfərimizdən sonra həyata keçirilən bütün bu təminatları vahid sistem halında həyata keçirmək zərurəti yarandı. Postmüharibə dövrü kimi xarakterizə olunan dövrdə şəhid ailələrinə, qazilərə sosial dəstək proqramları, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası istiqamətində çoxşaxəli işlər həyata keçirilir. Belə bir həssas dönəmdə Fondun yaradılması və onun mərkəzləşmiş formada təşkil olunması çox önəmli idi. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. “YAŞAT” Fondu Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğının bariz nümunəsidir.

No description available.

Bu gün “YAŞAT” Fondu öz fəaliyyətini uğurla davam etdirir. Fondun yaradılması haqqında fərmanda qeyd olunduğu kimi, şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin Fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılıb. Şəffaf formada fəaliyyət göstərən bu Fond sayəsində yardımlar mərkəzləşmiş şəkildə toplanaraq lazımi ünvanlara, ehtiyacı olanlara çatdırılır.

“YAŞAT” Fondunun hesabatlılığını təmin etmək üçün Yashat.gov.az saytı fəaliyyət göstərir. Bütün xərclər adlı siyahı şəklində ödənişləri təsdiq edən sənədlər və videolarla birgə saytın hesabat bölməsində göstərilir. Yashat.gov.az portalı  8 yanvar 2021-ci il  tarixindən istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdə (yanvarın 18-nə kimi olan hesabata əsasən) ümumi 66 606 432.6 manat vəsait daxil olub. Fondun fəaliyyət istiqamətləri üzrə bu günə qədər 53 686 646.25 manat məbləğində vəsait xərclənib. 12 919 786.35 manat məbləğində isə qalıq vəsait qalıb.

No description available.

Ölkə ərazisində şəhidin ailə üzvləri, habelə yaralı olmaqla ümumilikdə 16668 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, (yashat.gov.az saytında) 11672 şəxsin müraciətinin icra olunması üçün öhdəlik götürülüb. Onlardan: məişət şəraitinin yaxşılaşdırılmasına – 9380 şəhid ailəsi üzvü və yaralı; təhsil haqqı – 188 şəhid ailəsi üzvü və yaralı; borc öhdəliklərinin qarşılanması – 1707 şəhid ailəsi üzvü və yaralı, tibb xidmətlərin ödənilməsi – 6866 şəhid ailəsi üzvü və yaralı.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Bu günə qədər 157 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir. Hazırda 41 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir. Həmçinin Vətən müharibəsində yaralanan qazilərimizin müalicəsinə Türkiyə və İsraildən gələn həkimlər də cəlb olunub.

No description available.

“YAŞAT” Fondu yarandığı gündən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmalarına, onların əmanətlərinə - övladlarına xüsusi diqqətlə yanaşır. Bu baxımdan, Fondun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi təqdirə layiqdir. Belə ki, müharibədən sonra dünyaya yeni göz açan şəhid övladlarının adına 5000 AZN-lik hesab açılıb, 1000 AZN isə analara təqdim olunub. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanır və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara bilər. Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara bilər. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

No description available.

“YAŞAT” Fondu tərəfindən qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparılır. Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər davam etdirilir. Bu gün ölkəmizdə hər kəs torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın ailələrinə dəstək göstərmək istəyir. Vətən müharibəsi dövründə insanlar ordumuza, əsgərlərimizin ailələrinə yardım etdikləri kimi, məhz “YAŞAT” Fondunun yaradılması sayəsində bundan sonra da şəhid ailələrinə və qazilərə hərtərəfli dəstək göstərə biləcəklər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reallaşan fəaliyyət

Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri icra edilir. Bu istiqamətdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7 942 şəxsə 15 841 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya) təyin olunub, həmçinin 2 515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb.

No description available.

Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.  Şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə beş dəfə genişlənib. 2021-ci il üzrə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil, müharibə əlillərinə 164 avtomobil verilib. Ümumilikdə ötən dövrdə nazirlik tərəfindən 12 300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7 400 müharibə əlili avtomobillə təmin olunub.

Postmüharibə dövründə 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. İşəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında həyata keçirdiyi “Məşğulluq marafonu” öz işini uğurla davam etdirir. Marafonun məqsədi həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulan işəgötürənlərin sayı artıq 608-ə çatıb. Onlardan 320-si dövlət, 288-i özəl müəssisələrdir. İşəgötürənlər tərəfindən marafona 3986 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə  işlə təmin olunanların sayı artıq 1522-yə çatıb ki, onlardan 1251-i qazi, 271-i şəhid ailəsi üzvləridir.

No description available.

Prezident İlham Əliyevin  2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə xidmətlərin, ümumilikdə 6 mərkəzi icra hakimiyyəti orqanı və müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsinə xidmət edir. Ötən il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən Abşerondakı DOST mərkəzində, dekabrın 24-dən isə 19 rayon və şəhəri də əhatə etməklə üç bölgədə işə başlayan regional vahid əlaqələndirmə mərkəzlərində 8500 şəxsə xidmətlər göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işləri davam etdirir. Vətən müharibəsində yaralanmış 2500-ə yaxın hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub. 5 min nəfərlə psixokorreksiya işləri aparılıb, reabilitasiya müəssisələrində 1300 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil 193 ədəd protezlə, əksəriyyəti müharibə əlilləri olan 955 nəfər mühərrikli təkərli oturacaqla, 1197 nəfər 12948 reabilitasiya vasitəsi ilə təmin edilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 45 min şəxsi əhatə edib, onlara 50 min xidmət göstərilib.

Sonda qeyd etmək lazımdır ki, bu gün dövlət siyasətinin əsas prioriteti şəhid ailələri və qazilərə qayğıdır. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlət dəstəyinin, davamlı qayğının bariz nümunəsidir. Dövlət üçün ən önəmli amil həmin qrupdan olan şəxslərin sosial-psixoloji vəziyyətidir. Vətən üçün canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir və hər zaman da belə olacaqdır. Bu, bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır.

                                                                                                     Nailə Tağızadə

2022-01-22 / 18:02
Facebook