Çindən gələn beş azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi - RƏSMİ

 

 

1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə bu gün beş nəfər yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilib.

Məlumatda bildirilir ki, onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır:

“Onun hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Digər şəxs - Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı isə 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd-keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən o müayinə edilir, ona lazımi yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da hərarəti normaldır və heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) da hərarəti normaldır və heç bir şikayəti yoxdur”.

Qeyd edək ki, bu şəxslər ölkəyə tranzit aviareysləri ilə İstanbul və Moskva şəhərlərindən gəliblər.

Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə isə, o, karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Onun səhhətində heç bir problem yoxdur.

2020-02-04 / 10:54
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8352
Facebook