Hirkan Milli Parkındakı yanğının söndürülməsinə helikopter cəlb edildi - FOTO

 

Bu gün Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avqust 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

 

 

2019-08-20 / 18:13
Facebook