2 ABŞ universitetində dərs deyən xanım soydaşımız: “Rektorun bu davranışları məni şoka salırdı” - MÜSAHİBƏ

 

 

AzEdu.az Vaşinqton Universitetinin Sosial İş üzrə doktorantı, Azərbaycan Sosial İş İctimai Birliyinin sədri Aytəkin Hüseynli ilə müsahibəni təqdim edir: 

DOSYE: Aytəkin Hüseynli ABŞ-ın Vaşinqton Universitetinin Braun Sosial İş və İctimai Səhiyyə fakültəsində sosial siyasət üzrə doktorantdır. O, təhsilinin magistr dərəcəsini də Vaşinqton Universitetində alıb. Hazırda   Braun Sosial İş və İctimai Səhiyyə  fakültəsində sosial və iqtisadi siyasət fənni üzrə tələbələrə dərs deyir. Həmçinin, Missuri Dövlət Universitetində isə proqram və xidmətlərin analizi, araşdırması fənni üzrə tələbələrə dərs keçir. Bununla yanaşı Vaşinqton Universitetinin dünya üzrə məşhur üç aparıcı mərkəzində, Sosial İnkişaf Mərkəzi, Sosial Siyasət İnstitutu, Uşaq Zorakılığı üzrə Siyasət, Tədqiqat və İnnovasiyalar Mərkəzində tədqiqatçı olaraq çalışır. Aytəkin Hüseynli bir neçə elmi məqalələrin müəllifidir. O, Beynəlxalq Sosial İş və Beynəlxalq Məktəb Sosial İşi akademik jurnallarında Redaktorlar Heyətinin üzvüdür. Konfliktlərdə Sosial Xidmətlər Şəbəkəsində də fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Sosial İş İctimai Birliyin həmtəsisçisi və hazırki sədridir. Amerikada yaşamasına baxmayaraq, birliyinin idarəsi ilə mütəmadi məşğul olur.

Doktorluq təhsilindən öncə Aytəkin, Hilfsverq Avstriya Beynəlxalq təşkilatının Azərbaycan üzrə rəhbəri, Unicef-in Uşaq Müdafiəsi və Sosial İş üzrə konsultanı kimi fəaliyyət göstərib.

Tanışlıqdan sonrakı sözardı... Xaricə aparan səbəblər

-Erkən yaşlardan dünyanı gəzib görmək və müxtəlif ölkələrdə yaşamaq  istəmişəm. Həmçinin, balaca yaşlarımdan digər xalq və mədəniyyətlər ilə tanış olmaq da arzu olub. Məhz ona görə də hər zaman xarici ölkədə oxumaq və ya təhsilimi orada davam etdirmək  planlarım var idi. Bu planımı ilk dəfə 2002-ci ildə ABŞ-ın Vaşinqton Universitetində sosial iş fakültəsində magistr təhsili almaqla reallaşdırdım. Eyni zamanda sosial iş sahəsi postsovet məkanında olmadığı üçün ABŞ-a gəlməyim səbəblərdən biri oldu.

-Hazırda ABŞ-ın Vaşinqton Universitetində doktorantura dərəcəsi üzrə təhsil alırsınız. İstərdik, ABŞ-da təhsil almağın çətinliklərindən danışasınız...

-Azərbaycan və ABŞ təhsil sistemi çox fərqlidir. ABŞ-da bakalavr, magistr və doktorantura səviyyəsi daxil olmaqla təhsil sistemi tam sərbəstdir. Yəni tələbə yetkin olaraq dərslə bağlı bütün tapşırıq və öhdəliklərdən məsuliyyət daşıyır. Hər fənnin bir semestrlik tədris proqramı müəllim tərəfindən tərtib olunur və dərsin ilk günündə tələbələrə paylanılır. Hazırda isə “Balckboard” və “Canvas” deyilən onlayn platformalarda tələbələrlə bölüşülür. Semestrin ilk günü professor və ya müəllim sillabusda olanları qısa şəkildə izah edir. Bu sənəd tələbə və müəllim arasında kontrakdır. Bundan sonra tələbələr hər bir tapşırığı zamanında etməyə məsuliyyət daşıyırlar. Bununla yanaşı burada çoxlu kurs işləri yazılır və bunun üçün tələbələr fərdi araşdırmalar aparmalıdırlar. Dərslər interraktiv, inkluziv şəkildə keçirilir və müəllim daha çox sinif otağında fasilitator rolunu oynayır. Onu da bildirim ki, bir çox dərslərdə mühazirələr az deyilir.  ABŞ universitetlərində keçirilən dərslərdə daha çox mövzu haqqında analitik, tətbiqi və müqayisəli müzakirələr aparılır və oxunmuş məlumat sintez olunur. Bu müzakirələr isə mövzu və ya faktlar haqqında  olmur. Yəni faktların nəyə görə belə olması haqqında müzakirələr aparılır. Çünki faktları tələbələr özləri də kitab və internet resurslarından oxuya bilərlər. Burada təhsil sistemi daha çox faktların analiz olunmasını təşviq edir . Yəni dərslər əsasən tənqidi təfəkkürün üzərində qurulub. Məsələn, burada II Dünya müharibəsinin nə zaman baş verməsindən çox onun nəyə görə baş verməsi haqqında məlumatlar verilərək  müzakirələr aparılır. ABŞ-a ilk gəldiyim zaman bu sistemdə oxumadığıma görə mənim üçün çox çətin idi. Amma tədricən alışdım. Yəni tədqiqat aparıb bilik və bacarıqları əldə etdikdən sonra uyğunlaşdım. Eyni zamanda heç bir zaman analitik yazı yazmadığım üçün bu iş də  əvvəl çox çətin idi. Burada isə bu yazı növü çox tələb olunur.

-Aytəkin xanım, bir pedaqoq kimi Azərbaycan və ABŞ tələbələrini müqayisə etdikdə hansı fərqləri müşahidə edirsiniz?

-Missuri Dövlət Universiteti ilə yanaşı doktorluq təhsili aldığım Vaşinqton Universitetində də dərs deyirəm. ABŞ və Azərbaycan tələbələrinin yetişdiyi mühit çox fərqli olduğundan  müqayisə də ədalətli sayılmaz. ABŞ ailələri erkən yaşlardan uşaqların tənqidi təfəkkürünün inkişafına şərait yaradırlar. Həmçinin, valideynlər övladlarının sərbəst fikirlərini ifadə etməyə, hər bir məsələdə öz rəylərini bildirməyi öyrədib, təşviq edirlər. ABŞ-da mövcud olan bağça, orta məktəb və ali təhsil ocaqları bunu daha da inkişaf etdirir. Ona görə də burada tələbələr verilən hər bir məlumata ehtiyatla yanaşırlar. Onlar verilən hər bir məlumatı analiz və sintez etdikdən sonra qəbul edirlər. Hər bir məlumatı, nəzəriyyəni və faktı sorğulayırlar. Bu yanaşma yenə də uşaqlıqdan gəldiyi üçün onlar üçün adi haldır. Amma Azərbaycanda tənqidi təfəkkür və məntiq sovet dönəmində məhv edildiyi üçün hazırda da insanlarımız arasında çox geniş yayılmayıb.

ABŞ-da insanlar fikir və rəy söylədikləri zaman çox ehtiyatlı davranırlar. Həmçinin, amerikanlar fikir söylədikdə  ətrafdakı insanları da nəzərə alırlar. Bu da insan müxtəlifliyinin fərqində olub, heç kimin xətrinə dəyməmək və ya hörmətsizlik etməmək ilə çox bağlıdır. ABŞ vətəndaşları elmi əsası olmayan mühakimə və qərəzli fikir və rəy söyləməkdən də çəkinirlər. Bununla yanaşı əgər bir məsələdən tam məlumatlı olmurlarsa fikir söyləmirlər. Başqa bir fərq isə “ümumiləşdirilmiş” danışmırlar. Məsələn, “bütün qadınlar belədir”, “bütün kişilər elədir”, “bizim ailədə hamı belə düşünür” “bizim kənddə hamı almanı sevir”, və ya bunlara bənzər ümumiləşdirilmiş fikirlər söyləmirlər.

Başqa bir fərq isə tələbələr burada sərbəst işləmək bacarığına malikdirlər.  Qeyd edim ki, ABŞ cəmiyyəti individualist olduğu üçün uşaqlar tam bu mədəniyyətdə uğurlu yaşamaq üçün yetişdirilir. Azərbaycanda isə daha çox kollektiv mədəniyyətlərdir. Elə buna görə də uşaq yetişdirmə mədəniyyətləri fərqlidir. Məhz bu da təhsil sistemində də özünü əks etdirir. İndividualist mədəniyyətlərdə uşaqlara özlərindən başqa heç kəsə arxalanmamağı öyrədirlər. Ona görə onlara balacalıqdan hər bir şeyi sərbəst etməyi öyrədirlər.

-ABŞ-da pedaqoji fəaliyyətlə məşğulsunuz. Xaricə getdikdən sonra özünüzdə hansı fərqləri müşahidə etdiniz? Digər ölkə bu istiqamətdə fəaliyyətiniz üçün stimulverici nələr verdi?

-Peşəkar sahəmdə bir çox bilik və bacarıqlar əldə etdim: tənqidi təfəkkürüm, analitik və elmi yazı yazmaq bacarığım, nitqim inkişaf etdi. Ümumi danışmaq adətim dəyişdi amma hələ də üzərində işləyirəm. Mühakimə və qərəzli danışmamağa çalışıram.

Onu da bildirim ki, müxtəlif xalq və mədəniyyətlər ilə tanışlığım dünya görüşümü də çox dəyişdi. Əvvəllər bəzi tabu bildiyim məsələlər ortadan qalxdı. Ümumiyyətlə, xarici ölkədə yaşamaq mənə daha çox məsuliyyətli, planlı olmağı, vaxtımın səmərəli idarə olunmasını öyrətdi. ABŞ-da pedaqoji və ya akademik sahədə stimul verən faktorlar isə əməyimin yüksək qiymətləndirilməsidir. Həmçinin, fikirlərimə və işimə hörmətlə yanaşılması, dəstəkverici mühitin olması  da stimulverici faktorların siyahısına daxildir. Bununla yanaşı vəzifəsindən və biliyindən asılı olmayaraq insanlar çox sadə davranırlar. Burada günahlandırıcı və qınayıcı mühitin olmaması kimi faktorlar inkişaf etməyimə və  mütəxəssis kimi yetişməyimə böyük təsir etdi. Oxuduğum universitet dünyanın nüfuzlu elm ocaqlarından biridir. Onu da bildirim ki, bir tək ianə fondu (endowment) 8 milyarda yaxındır. Amma belə bir qurumun rektorunun (chancellor) özünün çox sadə aparması və tələbələrin yeyib-içdiyi kafedə yemək yeməsi insana stimul verən faktordur. Buraya ilk dəfə gələndə rektorun bu davranışları məni şoka salırdı. İndi isə onu kampusda görəndə “Hi Mark, How are you?” deyib hal-əhvalnı soruşuram. Burada insanların söylədiyi hər bir fikrə hörmətlə yanaşırlar . Hər bir kəsin öz fikir və rəyini  bildirmək kimi azadlığı var. ABŞ-da insanları heç kimi qınamır. Bu isə mənim öz fikir və ideyalarımı bildriməyimdə,bu bacarığımı inkişaf etdirməyimə stimul verdi.

 -Dərs dediyiniz universitetdə təxmini nə qədər azərbaycanlı tələbə təhsil alır?

-Hazırda Vaşinqton Universitetində 2 azərbaycanlı tələbə magistr dərəcəsi üzrə təhsil alır. Bununla yanaşı, burada Lindenvud Universiteti var ki,  orada təxminən 10-a yaxın azərbaycanlı tələbə oxuyur.

-Azərbaycanlı tələbələrlə ABŞ-da görüşürsünüz? Onların bacarıqları hansı səviyyədədir?

-Bəli, biz hərdən görüşürük. Onların hamısı çox savadlı və istedadlı şəxslərdir.

-ABŞ-da elm adamları üçün hansı stimulverici addımlar atılır?

-Elm adamının işlədiyi sektordan asılıdır. ABŞ-da professor və müəllimlər (instructor) üçün həm fiziki həm də mənəvi dəstək və stimullar var. Burada hər bir professor və müəllimin öz fərdi ofisi var. Bundan başqa onların akademik azadlığı var. Razılaşdırılmış ümumi etik qaydalardan və ümumi tələblərdən qırağa çıxmırsa  dərslərini necə keçirilməsinə müdaxilə olunmur: professor və müəllimlərin dərslərini necə, nə zaman və harada keçmələri kimi azadlıqları var. Bir çox universitetilərdə yeni işə götürülən müəllimlərə daha təcrübəli və yaşlı müəllimlər “koç”luq edir. Əgər universitet tədqiqat istiqamətlidirsə yeni işə götürülən professorlar üçün ilk elmi tədqiqatlarını başlamasına görə kiçik qrantlar da verir.  

-Sizcə, universitet öz imicini qoruyub saxlamaq üçün nə etməlidir? Azərbaycanda bunu bacara bilən ali məktəb varmı?

-Universitet öz imicini saxlamaq üçün ilk növbədə keyfiyyətli və yaxşı təhsil verməlidir. ABŞ-da sağlam rəqabət mühiti var. Hər bir universitetin öz xidmətlərini çox yüksək səviyyədə inkişaf etdirib satmaq kimi azadlığı var. Burada təhsil ilə yanaşı universitetlərin yerləşdiyi ərazi, şəhər və ya ştata nə qədər bəhrə verməsi kimi öhdəlikləri də var. Universitetlərin imici məzunlarının uğuru, elmi tədqiqatlarının cəmiyyətə verdiyi bəhrə, elmi işçilərin ixtira və uğurları ilə qorunur. Buna görə də universitetlər əməkdaşlarına hər cür şərait yaradır və stimul verirlər. Müəllimlər işə bilik və bacarıqlarına görə işə götürürlər. Əgər istək və niyyət olarsa belə bir sistemi Azərbaycanda da çox asanlıqla qurmaq olar. Belə bir şərait olarsa mən şəxsən Azərbaycana dönüb, elmi işlə məşğul olmaq və dərs demək istərdim. Mənimlə yanaşı tanıdığım bir çox azərbaycanlı elm adamlarının da belə arzusu var. 

-Aytəkin xanım, bir neçə elmi məqalələrin müəllifisiniz... ABŞ-da elmi məqalələrin impakt faktorlu jurnallarda dərci üçün nə tələb olunur?  

-Ümumiyyətlə, dünyada təsir göstəricisi və ya gücü yüksək olan (impakt faktor) elmi jurnallarda məqalələri dərcləmək üçün hər bir jurnalın özünün tələbi var. Bu tələblərə söz sayı, yazı üslubu, və məqalə növü daxildir. Demək olar ki, bütün jurnallarda məqalələri müəllif tərəfindən heç bir ödəniş olmadan çap eləmək olar. Amma bu jurnallara ictimaiyyət tərəfindən giriş məhdudiyyəti var. Bu jurnalların hamısının abunə rüsumları var ki, bunların məbləği çox yüksək olur. Əgər müəllif məqaləsinin ictimaiyyət tərəfindən jurnala abunə olmadan əldə etməsini istəyirsə o zaman pul ödəyir.  Əks halda dərc üçün müəlliflər heç bir rüsum ödəmir.  Amma təsir göstəricili elmi jurnallarda məqalə regionumuzun yazı üslubundan çox fərqlidir. Bunu akademik yazı üslubu ya da “mənyuskript” (manuscript) deyirlər. Əsas bu üslubu bilib bunun qaydaları əsasında elmi yazmaq rol oynayır. Mən bu yazı üslubunu doktorluq təhsilimdə öyrəndim. Bu inşa, sərbəst yazı və ya digər yazı üslublarından çox fərqlidir. Hətta bu üslubu öyrənmək üçün bir semestrlik dərs də götürmüşəm və indi də bəhrəsini görürəm. Bu dərs mənim təsir göstəricili (impact factor) iki beynəlxalq elmi jurnallarda redaktorlar heyətində fəalliyyət göstərməyimə də kömək edir. Bu jurnallara gələn məqalələrin dərc olunub-olunmaması üçün onları yoxlayıram və rəy yazıram. Bu proses tam anonim gedir: nə mən müəllifin adını görürəm nə də müəllif onun məqaləsinin kim tərəfindən yoxlandığını bilir. Bu təcrübəmə əsaslanıb deyirəm ki, keçmiş postsovet məkanında akademik üslubda elmi yazı yazmaq bacarığı zəifdir.

Təsir gücü və göstərici isə (impact factor) jurnalda çap olunan məqalələrin nə qədər oxucu tərəfindən oxunmasını ölçən bir indikatordur: yəni jurnalın təsir gücü nə qədərdir.  

-Gənclərin çoxu doktorantura və magistr təhsilini xarici ölkələrdə almaq istəyir. Sizcə buna səbəblər nələrdir?

 -Yəqin ki, bəzi sahələr üzrə ölkəmizdə təhsilinin olmaması ilə bağlıdır. Məsələn, oxuduğum, sosial siyasət və sosial iş sahəsi nəinki Azərbaycanda hətta regionda hələ tam təşkil olunmayıb.

 -Aytəkin xanım, hər il dünya üzrə universitetlərin reytinqi açıqlanır. Sizcə nə üçün Azərbaycan universitetləri həmin siyahıya düşə bilmirlər?

-Təhsil administrasiyası üzrə mütəxəssis olmadığım üçün bu suala tam və ya düzgün cavab verməyə bilərəm. Ona görə geniş cavab verməməyə üstünlük verirəm. Amma qısa olaraq bildirim ki, həmin reytinqlərin standartları var. Əgər universitetlər bu standardlara cavab vermirsə o zaman onlar qiymətləndirilmir.  

-Bəzi valideynlər qız övladlarının xaricdə təhsil almasına qarşıdır. Sizdə elə problem yarandımı? Ümumiyyətlə, qız övladlarının xaricdə təhsil almasına sərhəd qoyan valideynlərə nə demək istərdiniz?

-Bu problemi çox kəskin yaşamadım. Anam bir az etiraz edirdi, amma sonra o, da dəstəklədi. Atam isə hər zaman “elm uğurunda Çinə qədər gedin” tərəfdarı olub və hər zaman bizi dəstəkləyib. 

Valideynlərə sözüm odur ki, əgər uşaqlarınız dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq istəyirlərsə buna dəstək olun. Bizdə əsasən qız uşaqlarını xaricə göndərməyə qorxurlar. Bununla da bağlı qeyd etmək istərdim ki, inkişaf etmiş ölkələrdə qadınların haqları hərtərəfli qorunur. Elə buna görə də valideynlər rahat ola bilərlər. Mən 6 ay İngiltərədə yaşamışam, 8 ildən çoxdur ki, ABŞ-da yaşayıram. Həmçinin, dünyanın 40-a yaxın ölkəsini gəzmişəm və bunu əminliklə deyə bilərəm ki, qanunların işlədiyi ölkələrə uşaqlarınızı göndərməkdən çəkinməyin. Onlar həm yaxşı təhsil alıb, yüksək həyat standartı görəcək və həm də dünya görüşləri  inkişaf edəcək. Övladlarınızı bu ölkələrə təhsil almağa göndərməklə onların gələcəyinə çox əhəmiyyətli müsbət sərmayə qoyursunuz. Öz və ətrafımdakı dostlarımın təcrübəsinə əsaslanaraq demək istərdim ki, bunun bəhrəsini nəinki övladınız həm də siz də görəcəksiniz.

 

 

2019-06-11 / 16:58
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8766
Facebook