Rövşən Əsgərov: Heç Kennedini Mxitaryan qədər qorumayıblar

 

 

Ermənstanlı idmançılar Avropa Oyunlarında iştirak ediblər, medallar qazanıblar. Bakıda çoxsaylı yarışlar keçirilir və indiyə kimi hər hansı “ekses” (asayişin pozulması, normadan çıxma - red.) qeydə alınmayıb.

Bu barədə “Nə? Harada? Nə vaxt?” klubunun tanınmış üzvü, “Baku” jurnalının piar direktoru Rövşən Əsgərov “Sport24”ə verdiyi müsahibədə danışıb.

O, “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının Bakı finalında iştirak etməmək barədə qərarını şərh edib.

“Əgər təhlükəsizliyin təmin olunacağını vəd ediblərsə, deməli, buna zəmanət verilir. Üstəlik, bu, irimiqyaslı hadisədir. Heç Kennedini Mxitaryanı qoruduqları qədər qorumayıblar. Gündəmdə ölkənin imici olanda, heç nə izafi hesab olunmur”, - deyə R.Əsgərov qeyd edib.

Azərbaycanlı arifin sözlərinə görə, bu mövzunu həddən artıq şişirtmək və ön plana çıxarmaq yersizdir:

“Mxitaryan “Arsenal”ın əsas heyətinin oyunçusu deyil”, - deyə R.Əsgərov izah edib.

“Bu futbolçunun, məşqçinin və klubun subyektiv qərarıdır. Deyə bilmərik, “Yox, onu mütləq gətirin, hamısı görsün”.  Biz onlara belə dedik: “Yaxşı, biz onun təhlükəsizliyinə zəmanət veririk”. Vəssalam! Biz yalnız bunu edə bilərik. Onu məcburi gətirdib, buranın təhlükəsiz olduğunu nümayiş etdirə bilmərik”, - deyə o bildirib.

R.Əsgərov matçın maraqlı olacağını və uzun müddət xatirələrdən silinməyəcəyinə ümidvar olduğunu söyləyib. Onun fikrincə, “Arsenal”ın qələbəsi daha yaddaqalan olardı.

Müxbir Azərbaycanın belə bir mötəbər turnirin final matçının təşkilatçılığının öhdəsindən gələ bilib-bilməyəcəyi ilə bağlı Əsgərova sual ünvanlayıb. O, Bakıda finalın lazımi səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

“Bakı artıq çoxdandır ki, Avropa şəhəridir. Orada hər növ istirahət və əyləncə növləri var. Burada bütün lazımi infrastruktur var. Bakı “Formula-1”ə tab gətiribsə, (üstəlik, birinci il deyil ki, keçirilir), Avropa Liqası finalında hər hansı problemin olacağını düşünmürəm.

Sadəcə, Moskvadan Bakıya gündəlik olaraq yeddi hava reysi var, Londondan isə birdir, o da hər gün yox. Çarterlər təşkil etmək lazımdır. Ancaq bu, logistika məsələsidir”, - deyə R.Əsgərov əlavə edib.

2019-05-24 / 16:37
Facebook