Düşmən gülləsindən ölməyən kəşfiyyatçı necə çempion oldu? - Zəkiyevin həyatı

 

Son illər Azərbaycanda fiziki qüsurlu idmançıları əhatə edən paralimpiya hərəkatı geniş yayılıb. Artıq fiziki qüsurlu idmançılar özlərini dünyadan təcrid olunmuş hesab etmir, idman camiəsində təmsil olunmaqla həyata inteqrasiya olunmaq imkanı əldə edirlər.

Sözsüz, paralimpiya hərəkatının geniş vüsət alması nəticələrimizdə də öz əksini tapır. Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı nəticələr bunun bariz nümunəsidir.

Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi mərhum prezident Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib, orada İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti seçilib.

1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra idmanda olan nəticələrin müsbətə doğru dəyişməsi hamıya bəllidir. Məhz bundan sonra onun diqqət və qayğısı paralimpiya hərəkatında da əks olunub. 2012-ci ildə London Paralimpiya Oyunlarında dörd qızıl, beş gümüş və üç bürünc medal qazanmış millimiz 164 ölkə arasında 27-ci yeri tutub.

Dövlət qayğısını özündə hiss edən idmançılarımızdan biri də Paralimpiya Oyunlarının ikiqat qalibi, ikiqat dünya, yeddiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyevdir. Onun həyat hekayəsinə nəzər salaq.

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıtda sıravi zavod işçisinin ailəsində anadan olub. Özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləşlə məşğul olduğundan, İlhamın da idmana həvəsi yaranmışdı.

Bu həvəs onu 15 yaşında Azərbaycanın Əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa gətirib-çıxarır. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur.

1998-ci ilin iyun ayında Azərbaycan kubokunun qalibi olmaqla yeniyetmələrin Moskvada keçirilən Olimpiadasına vəsiqə qazanır. Lakin Moskvadakı Olimpiadaya getmək ona müyəssər olmur. Çünki onun vətən borcu vardı. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırılır və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayır.

Beyləqan rayonunun Daşburun stansiyasında əsgərlər mövqelərə bölüşdürüləndə, Zəkiyev fiziki görünüşünə və idman göstəricilərinə görə öz yaşıdlarından seçildiyi üçün “N” saylı kəşfiyyat taburuna göndərir. O, yeddi ay kəşfiyyatçı kimi nümunəvi xidmət edir, fəxri fərmanlar alır.

1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən mövqeyi tərəfdən atılan snayper gülləsinə tuş gəlir. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxır. O, beş gün koma vəziyyətində qalır və həkimlər onun öləcəyini bildirir. Beşinci gün İlham rayon xəstəxanasında, anasının səsini eşidib özünə gəlir. Lakin gözlərini açanda, heç nə görmür. O, kor olmuşdu. İlhamın anası o anları belə xatırlayır:

“Biz onu rayon hərbi hospitalında tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər ümidlərini itirmişdilər. “İdmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır”, – onlar deyirdilər. Mən onu çağırdım, “Oğlum, İlham” dedim. İlham çox zəif bir səslə “Mənə soyuqdur” dedi. Onda hamı başa düşdü ki, İlham ölümə qalib gəldi. Mən öz jaketimi çıxarıb onun üstünə sərdim. Yanında əyləşdim, isti çay verdim”.

Beləliklə, o, evinə I qrup Qarabağ əlili kimi dönür.

O, 19 yaşında görmə qabiliyyətini itirsə də, ailəsinin və yaxın dostlarının dəstəyi sayəsində çətin dövrü arxada qoyur. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir hadisə kimi qəbul edilirdi.

2002-ci ildə İlham o vaxtkı Gənclər, idman və turizm naziri Əbülfəs Qarayevlə görüşür. Nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına kömək edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirir.

Moskvadan Azərbaycana qayıdan İlham yenidən nazirliyə müraciət edərək hansı idman növü ilə məşğul olmaqla yarışlara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona görmə qabiliyyəti olmayan və ya məhdud olan idmançıların yarışdığı paracüdoda iştirak etməyi təklif edirlər.

2002-ci il noyabrın 1-dən məşqlərə başlayır. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən paracüdo üzrə dünya çempionatında ilk dəfə tatamiyə çıxır. O, həmin yarışda bürünc medal qazanır və 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə əldə edir.

O, Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən yeganə paracüdoçu olur. Afinada Kvebekdəki yarışda məğlub olduğu kubalı dünya çempionunu bir dəqiqə qırx saniyəyə məğlub edir. Yarımfinalda İspaniyadan olan idmançını 37 saniyə ərzində, finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində məğlub edərək Paralimpiya Oyunlarının qalibi olur.

Bir ildən sonra isə Niderlandda keçən Avropa çempionatında, 2007-ci ildə Bakıda keçirilən qitə çempionatında qalib olur. İlham 2008-ci ildə Pekində keçirilən ikinci Paralimpiya Oyunlarında da Azərbaycanı sevindirir. O, daha sonra 2010-cu ildə dünya, 2009, 2011, 2015 (həm fərdi, həm komanda şəklində) və 2017-ci illərdə Avropa çempionu olur.

Onun ən böyük uğurlarından biri isə 2015-ci ildə ilk dəfə Azərbaycanda keçirilmiş Avropa Oyunlarında qazandığı qızıl medal olur. Qızıl medalı ona şəxsən ölkə başçısı İlham Əliyev təqdim edir.

2017-ci ilin sonunda o, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olur. Bununla da ona həm də bu komitədə tək idmançı kimi yox, həm də icraedici şəxs kimi təmsil olunmaq həvalə edilir. 

Ötən il Bakıda keçirilmiş cüdo dünya çempionatında o, yeddinci dan qara kəmərə sahib çıxır. Belə ki, Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta ona bu kəmərə sahib çıxdığını təsdiq edən sertifikat təqdim edir.

Qəhrəmanımızın özəl həyatı da maraqlıdır. İlham Zəkiyev 2005-ci ildə əsgərlik xidmətindən qabaq gördüyü və tanıdığı qızla Azərbaycan ənənələrinə uyğun olaraq ailə həyatı qurur. Onların toy günündə ölkə prezidenti də öz təbrik məktubu göndərir. Özünün dediyinə görə, oğlu İlkin harada Azərbaycan bayrağı görsə, tez bərkdən qışqırır: “Ata çempion”.

İlham Zəkiyev həm də futbolla maraqlanır və “Neftçi”nin azarkeşidir. Onun başqa bir xasiyyəti də odur ki, hər dəfə yarışda qalib gəldikdən sonra rəqibi ilə nəzakətlə görüşür, öz təşəkkürünü bildirir, onun layibli bir rəqib olduğunu bildirir. Bundan başqa, İlham Zəkiyev dindar müsəlmandır və gündəlik namaz ibadətini yerinə yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2009-cu ildə isə ona Əməkdar İdman Ustası fəxri adı verilib.

Bundan başqa, onda “Tərəqqi” medalı var, Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatıdır. 2017-ci ildə Gənclər və İdman Nazirliyində İlin idmançısı seçilib.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyində ona bu ilin martın 1-də daha bir fəxri ad verilib. Artıq o, karyerasını bitirməsə belə, Əməkdar məşqçi adını daşıyır.

2019-05-16 / 12:50
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8964
Facebook