Sərbəst güləş yığmamız Vətənə qayıdıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız bu gün gecə saatlarında Vətənə qayıdıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında millimizin təntənəli qarşılanma mərasimi keçirilib. Komandamızı AGF rəsmiləri, güləşçilər və mətbuat nümayəndələri qarşılayıb. Ənənəvi brifinqdə əvvəlcə Avropa çempionları qələbə təəssüratlarını bölüşüb. 
İdmançılarımızı qarşılayanlar arasında müstəqil Azərbaycanın karate üzrə ilk çempionlarından olan İlyas Xəlilov və “karatenin brilliantı” Rafael Ağayev də olub.
Hacı Əliyev: “Ən güclü rəqiblər mənim səbətimdə idi. Xüsusən də erməni güləşçi üzərində qələbəmi qeyd etmək istərdim. Ümumiyyətlə, bütün komanda yaxşı çıxış elədi. Çünki yarışa tam hazır idik. Ağahüseyn Mustafayev neçə illərdi bu medalın həsrətindəydi. Nəhayət ki, böyüklər arasında Avropa çempionatında da sözünü dedi. Bu yarış apreldə keçirildiyindən qələbəmi şəhidlərimizə və onların valideynlərinə həsr edirəm. 
Sözsüz ki, əsas hədəf olimpiya çempionluğudur. Ancaq buna qədər dünya çempionatında yaxşı çıxış edib, Olimpiadaya lisenziya qazanmalıyam”.

Cəbrayıl Həsənov: ”Son illərdə Olimpiada, dünya və Avropa çempionatlarında 2-3-cü yerləri tutsam da, çempion ola bilmirdim. Bu dəfə yalnız və yalnız titulu hədəfləmişdim. Yarışa yaxşı hazırlaşmışdıq. Federasiya rəhbərliyi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün hər cür şərait yaratmışdı. Şükürlər olsun ki, biz də ümidləri doğrultduq”

Şərif Şərifov: “2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında debüt etmişdim. 4-cü cəhdimdə qızıl medal qazana bildim. Bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm ki, Avropa çempionatına yüksək formada yollanmağımız üçün əllərindən gələni etdilər. Bir müddət istirahət etdikdən sonra növbəti yarışlar, o cümlədən dünya çempionatına hazırlıq barədə fikirləşəcəyik”.

Daha sonra AGF-nin vitse-prezidenti Firdovsi Umudov bunları deyib:
İlk növbədə gecə saat 5-də bizi qarşıladığınız və sevincimizə şərik olduğunuz üçün siz mətbuat nümayəndələrinə minnətdarlığımı bildirirəm. Həqiqətən çox böyük qələbədir. Güləşçilərimiz böyük əzmkarlıq və xarakter nümayiş etdirdi. 3 il öncə aprel ayında şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhid ailələriylə görüşəndə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik. Belə də oldu. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq, komanda hesabında 3-cü olduq. Bizə qısqanclıqla yanaşan bəzi qüvvələr Azərbaycanda idmanın inkişafda olduğunu bir daha gördü. Hər zaman bizi diqqət mərkəzində saxlayan cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Qələbəmizi həm də 10 milyonuncu vətəndaşımıza həsr edirik. 

Buxarestdə federasiyamızın rəhbəri Namiq Əliyev UWW-nin rəhbər şəxsləriylə məhsuldar görüşlər keçirdi, gələcək planlar müzakirə olundu. 
Bu yarışda medalsız qalan güləşçilər ruhdan düşməsin. İşləmək lazımdır. Baş məşqçi Saypulla Absaidov başda olmaqla, bütün məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Bu il bizi 2-ci Avropa Oyunları və dünya çempionatı gözləyir. İnanıram ki, bu məsul yarışlarda da uğurlu çıxış edəcəyik”.

Sonda yığmanın baş məşqçisi Saypulla Absaidov fikirlərini açıqlayıb:
Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Vəziyyəti, lisenziya qazanmaq şanslarını təhlil etmişdik. Komandamızın liderləri - kapitan Cəbrayıl Həsənov və Hacı Əliyev 3-cü dəfə Avropa çempionu oldu. Şərif Şərifov isə dünya çempionatı və Olimpiadadan sonra qitə birinciliyində də “qızıl” qazanaraq medal kolleksiyasını tamamladı. Ağahüseyn Mustafayev çempionluğun bir addımlığında qaldı. Gənc güləşçilər də yaxşı çıxış etdi. 
Xüsusən də Mahir Əmiraslanov əla güləşdi. Nurməhəmməd Hacıyev də yarışdan yarışa artırır. Dünya çempionatınadək daha da güclənəcək. Yaxşı hazırlıq keçmək üçün əlverişli şərait yaradan, bütün problemlərimizi həll etməyə çalışan federasiyamızın rəhbəri Namiq Əliyevə, daim yanımızda olan və dəstəyini əsirgəməyən vitse-prezident Firdovsi Umudova təşəkkür edirəm. İnşallah, hər şey bundan sonra da yaxşı olar”.

2019-04-12 / 10:09
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9338
Facebook