Azərbaycan-Bolqarıstan: strateji tərəfdaşlar

Respublikamızın xarici siyasətində Avropa ölkələrindən biri, Avropa İttifaqı və NATO-nun üzvü olan Bolqarıstan Respublikası ilə münasibətlər mühüm yer tutur. 1992-ci ildən bu günə qədər iki ölkə arasında yaranan müstəqil xarici siyasi əlaqələr müasir dövrdə də siyasi, iqtisadi, texniki, elmi-mədəni və digər istiqamətlərdə inkişaf etdirilir.

Məlum olduğu kimi, 3-5 mart tarixində Azərbaycan Prezidenti Bolqarıstan Respublikasına rəsmi səfərə  getmişdir. Səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, illərlə davam edən dostluq münasibətləri artıq strateji səviyyəyə qalxdı. Belə ki, mart ayının 4-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində geniş tərkibdə keçirilən görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalamış və bununla da strateji tərəfdaşlığın əsası qoyulmuşdur.

Bundan başqa imzalanan “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokol” iki ölkə arasında informasiya mübadiləsi və turizmin inkişafına təkan verə bilər.

Bütün bu addımlar Azərbaycan və Bolqarıstan arasında mövcud olan əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Ölkələr siyasi, iqtisadi, humanitar, enegetika və digər sahələrdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq edir. Yuxarıda qeyd olunan uzunmüddətli strateji tərəfdaşlıq dövrünün başlanması isə bu əməkdaşlığın daha möhkəm xarakter almasına və irəliyə doğru aparılmasına çox mühüm təsir göstərəcəkdir.

Ləman Xəlilova,
Azerbaijan Realities

2015-03-17 / 00:00
Facebook