“ASAN xidmət”in yeni siması - Mr.ASANT

 

 

Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” dövlət xidmətləri sahəsində brendə çevrilib. Şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsində “ASAN xidmət” uğurlu yol xəritəsi tərtib edib. Bu yol xəritəsini özündə əks etdirən qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir. Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə - qarışqa) sözlərinin kombinə edilməsidir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat veriblər.

Qarışqalar heç vaxt təslim olmurlar. Gələcək planlar qurmaq, təkcə bu günü yox, sabahı düşünmək onlara xasdır. Mr.ASANT maskotu məhz bu keyfiyyətləri özündə birləşdirən “ASAN xidmət”in yeni simasıdır. O, maarifləndirmə və məlumatlandırmada vasitəçi olacaq, vətəndaşlara kömək edəcək, dost kimi yanlarında olacaq. Məqsəd vətəndaşlara daha yaxın olmaq, maskot vasitəsilə ASAN-la emosional bağlılığı artırmaqdır.

2018-12-19 / 12:33
Facebook