İnam Kərimov: Azərbaycanda Türkiyə şirkətləri üçün maraq kəsb edən emal və istehsal imkanları var

 

 

Azərbaycanda Türkiyənin işgüzar dairələri üçün qarşılıqlı maraq kəsb edən emal və istehsal imkanları var.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov dekabrın 11-də Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycanda aqrobiznes sektoru böyük potensiala malikdir. Kənd təsərrüfatı fəaliyyəti bütünlüklə vergilərdən azad olunub. Bu imkanlardan istifadə edərək birgə müəssisələr yaratmaq mümkündür. "Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşlərimizdə bu barədə müzakirələr apardıq. Belə qənaətə gəldik ki, iki ölkənin toxumçuluq, fındıqçılıq, pambıqçılıq və digər aqrar sahələrdə əməkdaşlıq imkanları daha genişdir ", - deyə İnam Kərimov bildirib.

İnam Kərimov vurğulayıb ki, bizneslə məşğul olmaq təkcə gəlir əldə etmək anlamına gəlməməlidir: “Bu, eyni zamanda bilik, təcrübə, biznes etikası mübadiləsi və müxtəlif mədəniyyətlərin inteqrasiyası deməkdir. Bu gün qloballaşan dünyada uğurlu biznes və iqtisadiyyatı innovasiyasız, texnologiyasız təsəvvür etmək mümkün deyil. Buna görə də biz səylərimizi birləşdirərək, innovasiyalar tətbiq edərək daha güclü istehsala nail olmalıyıq”.

2018-12-11 / 12:34
Facebook