Türkiyə mətbuatı: Paşinyanın Amerika arzusu və ya Ermənistanın qərbyönümlü siyasəti nə vəd edir?

 

 

 

Türkiyə mətbuatında Ermənistanın yeni baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlar, qəbul etdiyi qərarlar geniş şərh olunur. Türkiyəli təhlilçilər hesab edirlər ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bir neçə vacib məsələlər öz həllini tapmasa, hər hansı inkişafdan söhbət gedə bilməz.

Bu sırada ən əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, yəni Ermənistanın işğala son qoyması, Türkiyəyə qarşı əsassız iddialardan   geri çəkilməsidir. Yalnız bundan sonra Ermənistan iqtisadi inkişafa və rifaha nail ola, bölgədə sabitlik bərqərar edilə bilər.

Türkiyəli professor İlyas Kemaloğlu Ermənistanda keçirilən seçkilərdən sonra mövcud olan durumu təhlil edib. O, “Karar” nəşrindəki məqaləsində qeyd edib ki, Paşinyanın ikinci sınaqdan sonra baş nazir vəzifəsinə seçilməsi ilə Ermənistanda nümayişlər sona çatdı və əlbəttə ki, həyat qısa müddətdə əvvəlki vəziyyətinə dönəcək:

"Ermənistanın qonşuları ilə problem yaşaması onu regional layihələrdən məhrum edib"

“Bununla yanaşı, hakimiyyətdə kimin olmasından aslı olmayaraq Ermənistanın işi asan getməyəcək. Ermənistanın ən vacib problemi pis iqtisadi vəziyyətdir. Ermənistanın qonşuları ilə (Azərbaycan, Gürcüstan və Türkiyə) problem yaşaması onu əhəmiyyətli regional layihələrdən və əhəmiyyətli maddi gəlirlərdən məhrum edib. Hər baxımdan Rusiyadan asılı düşüb.

Üç milyonluq bir əhalisi olan ölkədə siyasi sabitliyi da özü ilə gətirəcək iqtisadi yaxşılaşmanın yolu başda Türkiyə olmaq üzrə qonşu dövlətlərlə əməkdaşlıqdan keçir. Bu da  Dağlıq Qarabağ problemini həll etmədən, işğal olunmuş torpaqlardan çıxmadan, əsassız “ soyqırım” iddialarından imtina etmədən, diasporun daxili və xarici siyasətə müdaxiləsinin qarşısını almadan mümkün deyil. Eyni zamanda yeni baş nazirin bu məsələlərdən imtina etməsi də asan olmayacaq.

Paşinyan baş nazir kimi ilk bəyanatında Rusiya ilə hərbi əməkdaşlığı və Dağlıq Qarabağ danışıqlarını davam etdirəcəyini açıqladı. Beləliklə, Ermənistanın yeni baş naziri özü üçün siyasi bir sahədə meydan  yaratmağa, hər kəsin ürəyini ələ almağa çalışır. Digər tərəfdən, bu bəyanat da Ermənistanın siyasətinin dəyişməyəcəyini göstərir. Rusiya ilə hərbi əməkdaşlığını davam etdirmək istəyinin tək bir səbəbi ola bilər, bu da Dağlıq Qarabağ məsələsində geriyə addım atmamaq niyyətinin olmasıdır.

Əslində, rus mütəxəssislərin fikrincə, Paşinyan bu məsələdə əvvəlki iqtidarlara nisbətdə daha sərt bir mövqedə olacaq. Dağlıq Qarabağ məsələsində Ermənistan geri addım atmadıqca qonşularıyla münasibətlərini düzəltməsi, Türkiyə ilə ticari əlaqələri inkişaf etdirməsi mümkün olmadığı kimi, Paşinyanın bir başqa hədəfi olan Qərb ilə inteqrasiyası da gerçəkləşməyəcək. Çünki Avropa Birliyi də, NATO da “problemli bölgələrə” çevrilən respublikalarla (Gürcüstan, Moldova, Ukrayna və s.) məsafəli davranmaqdadır. Başqa tərəfdən, Rusiya da Ermənistanın Qərblə yaxınlaşmasına qarşı çıxacaq və əlindəki kozırları işə salacaq”.

“Paşinyan macəra axtarışındadır”

Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztek isə Ermənistanda baş verən son hadisələri təhlil edərək bildirib ki, mayın 8-də Ermənistan Parlementində keçirilən seçkidən sonra baş nazir olan Nikol Paşinyan yeni macəra axtarışındadır.

Hakimiyyətə gəldikdən sonra Paşinyanın kadr siyasətinə diqqət çəkən Öztekin fikrincə, yeni baş nazir qərbyönümlü siyasət yürütməyi planlaşdırır ki, bu da Rusiyanın narazılığına səbəb olmaya bilməz:

“Paşinyan Ermənistanda ABŞ və Soros yönümlü bir strategiya qurmağa çalışır. Ermənistanın dövlət nəzarəti nazirliyinə rəhbər təyin olunan David Sanasaryan qərb yönümlü olmaqla ölkədəki rus əsgərlərinin çıxarılması istiqamətində addımlar atır. Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan vaxtilə Soros fondunun maliyyələşdirdiyi “Transparency International” təşkilatında koordinator vəzifəsində çalışıb. Təhsil və elm naziri Araik Arutunyan daha əvvəl Helsinki Yurddaşlar Dənrnəyi və “Transparency International” təşkilatında işləyib.

Müdafiə Nazirliyi kimi strateji bir qurumun başına gətirilən David Tonoyan isə 1990-cı illərin sonunda Ermənistanın NATO-dakı nümayəndəsi olub. Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinin yazdığına görə, Tonoyan ABŞ-ın əsgəri ataşesi polkovnik Erik Larsen tərəfindən dəstəklənir.

Diaspordan cavabdeh nazir köməkçisi vəzifəsi isə ABŞ-da təhsil almış Babken Ter-Qriqoryana həvalə olunub. O, Ermənistanda Soros Dərnəyinin proqram koordinatoru olmaqla yanaşı, “Transparency International” təşkilatında çalışıb. Bundan başqa Ter-Qriqoryan Rusiya prezidenti Putini təhqir etməsi ilə tanınır.

Bu dəyişiklik və siyasət Ermənistanın Rusiyadan getdikcə uzaqlaşaraq ABŞ və Qərbə daha da yaxınlaşdığını göstərir. Bu vəziyyət Rusiya ilə yanaşı Türkiyəni də narahat etməyə bilməz. Onlar çox diqqətli olmalıdırlar”.

Qərbyönümlü erməni hökuməti və Türkiyə

Paşinyanın Türkiyə ilə bağlı əvvəlki xələflərindən fərqli siyasət yürütməyəcəyini deyən İ.Öztek ermənilərin öz məkrli iddialarından əl çəkməyəcəklərini söyləyib:

“Baş nazir seçiləndən sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün hər hansı şərt irəli sürməyəcəyini deyən Paşinyan Türkiyə tərəfinin də Dağlıq Qarabağ münaqişəsinni gündəmə gətirilməməsini istəmişdi. Soyqırımı məsələsinə gəlincə isə, saxta “soyqırımının” dünyada tandılması istiqamətində fəaliyyəti davam etdirəcəklərini açıqladı. Yəni, PKK-ləlara təlim keçib üstümüzə salacaqlar, rəsmi sənədlərində Ağrı dağının təsvirini verəcəklər və uşaqlarını türk düşməni olaraq böyüdəcəklər. Ermənistan Qərbin xoşuna gələcək şəkildə yalanlarına davam etməkdədir. Halbuki Ermənistanın gələcəyi nə Rusiya, nə də Amerikadadır. Gələcəyi, iqtisadiyyatı, inkişafı və rifahı Türkiyə və Azərbaycanla birlikdə olmağındadır”.

Son dövrlər ABŞ-ın NATO tərəfdaşı olan Türkiyəyə qarşı apardığı yanlış siyasətdən danışan İ.Öztek bildirib ki, Ermənistanın ABŞ və Soros yönümlü siyasəti Paşinyana heç nə qazandırmayacaq. Qazanan tərəf Sorosun da xidmət etdiyi ABŞ olacaq. Lakin Ermənistanın indiki hakimiyyəti bunu anlamayacaq qədər bəsirətsizdir.

“Rusiya öz mövqeyini Qarabağın əsl sahibi Azərbaycanın xeyrinə istifadə etməlidir”

Ermənistanın Cənubi Qafqaz regionunda Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən nəhəng infrastruktur layihələrindən kənarda qalmasına diqqət çəkən İ.Öztek rəsmi İrəvanın həm Rusiya, həm də Qərbin əlində alət olduğunu, hətta yaxın zamanlarda Ermənistanın Aİ və ya NATO-ya üzv qəbul edilməsinin mümkünlüyünü vurğulayıb:

“ABŞ-ın bu bölgədə atacağı addım ərəb baharından daha təhlükəli olacaq. ABŞ bölgənin neft və qazını əldə etmək üçün hər yolu istifadə edəcək. Paşinyan da məhz bu məqsədə nail olmaq üçün hakimiyyətə gətirilib. Rusiya da bundan nəticə çıxararaq Dağlıq Qarabağ üzərində öz mövqeyini və çəkisini bölgənin əsl sahibi Azərbaycanın xeyrinə istifadə etməlidir. Əks halda uduzan tərəf Rusiya olacaq”.

2018-06-05 / 11:59
Facebook